2013-cü ilin fevralında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, ölkə ərazisində nəşr edilən bütün dini təmayüllü ədəbiyyat xüsusi markalarla təchiz olunmalıdır. Artıq bunun reallaşması üçün müvafiq işlər aparılıb və tezliklə ölkə başçısının fərmanı bilavasitə həyata keçməyə başlayacaq. Amma bəzi, əsasən də dini ədəbiyyatın nəşri sahəsindən uzaq və bixəbər olan şəxslər yerli mətbuatda çıxış edərək qeyd olunan prosesi insan hüquqlarının pozuntusu kimi dəyərləndirir, bu mexanizmin tətbiqinin radikal cərəyanların və ekstremist düşüncənin yayılmasına təkanverici qüvvə rolu oynayacağı proqnozunu gündəmə gətirirr. Bəs reallıq necədir? Belə iddialarla çıxış edənlər haqlıdılarmı?
Bu mövzuda sahənin müxtəlif ekspertləri ilə birgə apardığımız araşdırmanın nəticəsini diqqətinizə təqdim edirik.
Çoxdanın söhbəti
İlahiyyatçı-ekspert Seyid Camal Əzimbəyli qeyd etdi ki, dini ədəbiyyatın ekspertizası bu gün ortaya çıxmayıb. Yaxın keçmişimizə nəzər salsaq görərik ki, Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə artıq toxunduğumuz sahə dövlətin ciddi nəzarətinə alınmışdı:
”1992-ci ildə “Dini Etiqad Azadlığı haqqında” qanun qəbul edilmişdi”. Ekspertin sözlərinə görə, dini ədəbiyyatın ekspertizasını isə Dini İşlər İdarəsi həyata keçirirdi. 2001-ci ildə DQİDK təsis edildi və elə o zamandan da Azərbaycan Respublikasında bütün dini ədəbiyyat məhz bu qurumun icazəsi ilə nəşr olunmağa başladı. Eyni zamanda xatırlatmaq yerinə düşər ki, dini ədəbiyyatın dövlət nəzarətinə götürülməsi heç də ancaq Azərbaycanda rast gəlinən hal deyil. Uzağa getmək lazım deyil, elə qonşu İran və Türkiyəni yada salmaq kifayətdir.
Bəs bu nəzarət nəyə lazımdır?
İki misal
Müraciət etdiyimiz bütün ekspertlər onu qeyd etdilər ki, hər bir dövlət onun varlığına, eyni zamanda milli, tarixi və dini köklərinə zərbə vura biləcək, daxili qarşıdurmaya platsdarm yaradacaq istənilən cəhdin qarşısını alır və bunu etmək də, milli maraqlardan çıxış edərək, elə dövlət olaraq bilavasitə borcudur. Dini ədəbiyyat üzərində dövlət nəzarəti də bu borcun bir hissəsidir. Azərbaycan təcrübəsinə qayıdaraq cəmi iki misal üzərində dayanmaq, bu misalları nümunə olaraq götürüb ekspertizanın mahiyyətini anlatmaq yerinə düşərdi. Birinci misal. DQİDK-nin nəşrinə illər öncə qadağa qoyduğu kitablardan biri “Allax v İslame” adlanırdı. Bu “əsərdə” də iddia olunurdu ki, Quran İblis kitabıdır. İkincisi, “İsseleniye slomannoy vetvi Avraama” adlı kitabın müəllifləri isə bütün müsəlmanların vələdüz-zina olduqları iddiası ilə çıxış etmişdilər. Əhalisinin böyük
əksəriyyətinin müsəlman olduğu Azərbaycanda belə ədəbiyyatın işıq üzü görməsi nə deməkdir? Yəqin ki, şərhə ehtiyac yoxdur, Allahdan zərrə qədər ağıl payı alan insan özü düşünüb-daşına bilər.
Qurana da nəzarət
Yuxarıda qeyd olunan iki misala qayıdaraq demək lazımdır ki, ekpertizanın yeganə məqsədi heç də ədəbiyyatın dini baxımdan zərərli olub-olmamasını araşdırmaqdan ibarət deyil, eyni zamanda kitabda müəllifin əks etdirdiyi məlumatların nə dərəcədə həqiqətə uyğun olmasıdır. S.Camalın bildirdiyinə görə, qardaş Tükiyədə dərc edilən bütün Quranlar üzərində mütləq Dəyanət İşləri Başkanlığının möhürü (bizdə hələ indi tətbiq olunacaq markanın analoqu) olmalıdır. Bunu da müxtəlif səbəblərlə izah etmək mümkündür. Məsələn, kimsə bilməyərəkdən, bəziləri isə məqsədyönlü şəkildə müqəddəs Kitabda təhriflərə yol verə bilərlər. Məhz buna görə də qonşu ölkədə hətta Quran nəşri belə ekspertizasız və onun əks etdirən icazə möhürü olmadan nəşr oluna bilməz.
“Çıxdın beşə, vur on beşə”
Dini ədəbiyyatlarda nəzarət markalarının tətbiqi daha bir problemin qarşısını alacaq. Söhbət Azərbaycan üçün qeyri-ənənəvi din təbliğatçılarının missionerlik fəaliyyətindən gedir. Sirr deyil ki, ölkəmizdə tolerantlıq ab-havası hökm sürür və hər kəs dini etiqadını azad şəkildə həyata keçirmək imkanına malikdir. Amma unutmaq da olmaz ki, təbliğat da qanuna uyğun şəkildə aparılmalıdır. Hazırda vəziyyət necədir? Hər hansı bir kultun təbliğatçısı ətrafına 200-300 nəfər toplayır, dövlət qeydiyyatından keçir, sonra da müəyyən kitabı DQİDK-ya təqdim edərək, onu elə üzvlərinin sayı miqdarında çap etdirməyə icazə alır. Bəs sonra? Sonra isə ssenarilər müxtəlif ola bilər. Kimsə 500, kimsə isə hətta 10 min nüsxə çap edə bilər. Nəzarət markalarının tətbiqi isə qanundakı bu boşluğu aradan qaldıracaq, sözsüz.
Bəs dini ədəbiyyat nəşri sahəsində mütəxəssislər nə deyir?
Əlbəttə ki, sözügedən sahənin mütəxəssislərini, bilavasitə dini ədəbiyyatın nəşri və yayımı ilə məşğul olan şəxsləri də dinləmək vacibdir. Bəs onlar nəzarət markalarının tətbiqinə necə münasibət bəsləyirlər?
Rəhman Salmanov (“Kövsər” mətbəəsinin müdiri): “20 ildir ki, bu işlə məşğulam. Tam məsuliyyətlə deyirəm: xüsusi markaların tətbiqi həm dini ədəbiyyatın çapı və yayımı, həm də oxucular üçün çox lazımlı və dəyərli işdir. Təsəvvür edin ki, mən bir kitabı tərcümə etdirmişəm, redaktə, tərtibat, dizayn, korrektə işləri görülüb. Amma mən bu işlərə görə müəllif hüququmu qoruya bilmirəm. Bu gün “Sədərək”, “Binə” Ticarət mərkəzlərində həmin bu kitab daha ucuz qiymətə satılır. Nəzarətlər markalarının tətbiqi isə artıq bunun qarşısını alacaq. Mən çox istərdim ki, bu proses bir qədər də sürətlənsin və çox qısa zamanda tətbiqinə başlansın”.
Elman Qasımov (“Zərdabi” mətbəəsinin direktoru): “Bizim ən böyük problemlərimizdən biri piratçılıqdı. Yəni biz min bir əziyyətlə kitabı tərtib edib buraxırıq satışa. Kitaba tələbat olarsa, dərhal piratlar fəaliyyətə keçir, onu qeyri-qanuni tirajlayır. Təbii ki, onların xərcləri az olduğu üçün satış qiymətləri də aşağı olur. Nəzarət markalarının tətbiqi bizə çox yardım edəcək. Eyni zamanda ekspertiza sadəcə olaraq dini ədəbiyyatın zərərli olub-olmaması məqsədini daşımır. Burada həmin ədəbiyyatın düzgün, dini cəhətdən savadlı yazılmasının təmin edilməsi baxımından önəmlidir”.
Yusif Bağırov (“Qələm” nəşriyyatının direktoru): “Təəssüf ki, bu gün dini kitab bazarında aşkar piratçılıq halları müşahidə olunur və bunun da qarşısını biz ala bilmirik. Nəzarət markaların tətbiqi isə bu problemin aradan qalxmasına yardım edəcək. Müəlliflik hüququ qorunacaq. Digər bir müsbət hal: Azərbaycanda radikallığı, ekstremizmi yayan ədəbiyyatların, batil əqidələrin yayılması əngəllənəcək. Bir misal kimi vəhhabi ideologiyasını təbliğ edən broşürları, kitabçaları göstərmək olar. Düzdü, indi bu hallar azalıb. Amma əvvəllər buna çox rast gəlirdik. Bu broşürlərlə də camaatın beynini zəhərləyirlər”.
“Guya heç nə bilmirik…”
Göründüyü kimi, mövqelər faktiki olaraq üst-üstə düşür. Bəs elə isə Azərbaycanda dini mühiti bulandırmağa, bu bulanıq suda populizm balığını tutmaq istəyənlər nə canfəşanlıq edirlər? Əcəba, bu qədər sadə məsələlərdən agah deyillər? Amma, yox, biz də o qədər sadəlöhv ola bilmərik. Məsələ burasındadır ki, bu gün nəzarət markalarının tətbiqinə qarşı çıxış edənlər kifayət qədər problemdən halidilər. Amma nə yazıq ki, sağlam düşüncə, vətəndaşlıq borcu, nəhayət vicdan arxa plana keçərək yerini ucuz populizmə, qaşınmayan yerdən qan çıxarmaq xislətinə verirlər.
P.S. Görəsən dini ədəbiyyatın ekspertizasına, bu sahədə ciddi nəzarətin tətbiqinə dil uzadanlar Hitlerin “Mənim mübarizəm” kitabının nəşrinə əksər dövlətlərin ərazisində, o cümlədən Avropa demokratiyasının “göbəyində” qoyulan qadağaya necə baxırlar? Bəlkə Azərbaycan analoqu olmayan demokratik addım atsın, “Mayn Kampf”ın nəşrinə, hətta orta məktəblərdə öyrənilməsinə start versin?