“Ona bu cür yanaşmanı nə özü, nə də biz başa düşürdük”Bu gün Azərbaycanın böyük yazarlarından olan mərhum xalq yazıçısı, ədəbiyyatın hələ ki, sirli qutu kimi istifadə etmədiyi Sabir Əhmədlinin vəfat etdiyi günüdür. Modern.az saytı yazıçının evindən hazırladığı reportajı təqdim edir.
Publisist Həmid Herisçi özünün “Konspiroloq” əsərində Sabir Əhmədlini haqlı olaraq bir müəmma kimi təqdim edib. Yazılarında gizli simvolizm olan Sabir Əhmədli bütün əsərlərində orijinallığı ilə yadda qalıb.
Oğlu Etibar Əhmədli ilə söhbətimizi də elə Sabir Əhmədli yaradıcılığında üstüörtülü məqamlardan başladıq. Əvvəlcə mərhum yazıçının dilinin, üslubunun bilinməyən tərəflərindən danışdıq. Etibar bəy fikirlərini faktlarla çatdırmaq istədi. Sabir Əhmədlinin 1984-cü ildə nəşr olunan “Göy gümbəz” kitabındakı “Qəribə səyyahlar” (1973) adlı hekayəsindən bir parçanı oxuduq. Oxuyandan sonra Etibar bəy özü sözə başladı: Hekayə sizə nəsə deyirmi? Sözlərə, əslində işarələrə diqqətlə baxaq. Burda “Qara limanı” deyilir. Qarabağ nəzərdə tutulur, “Madğa” sözünü tərsinə oxuyun – Ağdam. “Çe” erməni sözüdü. Kiçik bir parçada təsvir olunanlara fikir versək, görərik ki, rəhmətlik Qarabağ məsələsinə hələ o vaxtdan işarə verib. Onu da nəzərə alaq ki, hekayə 1973-cü ildə Sabir müəllimin “Yamacda nişanə” adlı kitabında da çıxıb. Onda belə şeylər çoxdu. Sadəcə oturub çox yaxşı tədqiq etmək lazımdı.
– Dostlarından Sabir müəllimi yad edən varmı?
– Əlaqə saxlayanlar var. Yaxın dostlarından Sabir Rüstəmxanlı zəng edib, anamdan hal-əhval tutur. Bir də onun əsas tədqiqatçısı Fərhad müəllim həmişə yad edir
– Bəs jurnalistlərdən necə?
– Gələn olub. Sağ olun, indi siz gəlmisiniz. Əvvəl də gələn olub. Ayrı-ayrı yazılar da atamdan bəhs edib. Bu yaxınlarda İradə xanım Musayeva kulis.az-dakı müsahibəsində də onun haqqında öz fikirlərini bildirib. Ondan müsahibə götürənlər Qan Turalı ilə Mirmehdi Ağaoğlu yazıçının dilinin qəliz olmasını söylədilər. Sonra da bir misal çəkdilər: “Dördmərtəbə bina, dibçəklər” və s. Söhbətimizin əvvəlində də dediyim kimi, Sabir Əhmədli yaradıcılığında boş söz yox idi. Çünki uşaq vaxtımdan yadıma gəlir ki, o yazılarını çox redaktə edirdi. O, “dibçək” yazmaqla da nəsə gizli bir məsələyə eyham vururdu. Çünki heç vaxt istəmirdi ki, yazısında artıq şey olsun.
– O, Azərbaycan nəsrində 20 romanla rekordçudur…
– İyirmi yox, iyirmi iki. İki romanı da var ki, onlar hələ çap olunmayıb. Biz onların üzərində işləyirik. Əlyazısıdı deyə, bir qədər gecikir. Necə olub, həm hər sözün üzərində, hər ifadəyə xüsusi diqqət edəsən, həm də 22 roman yazasan. Necə çatdıra bilirdi bunları?
– Deyim də sizə. Hər gün səhər saat 5-də dururdu. Hardasa saat 8-9-a kimi işləyirdi. Bu onun adi iş günlərindəki qaydası idi. “Ədəbiyyat qəzeti”ndə işləyirdi. Axşam da evə gəlirdi. Dincələndən sonra gecə saat 1-ə, 2-yə qədər işləyirdi. Cümə, şənbə, bazar isə demək olar ki, bütün günü çalışırdı.
– Bəs kinomatoqrafiya nəyə görə Sabir müəllimdən istifadə etmədi?
– İstədilər. “Yamacda nişanə”yə ssenari də yazıldı. O vaxtkı tələblərə uyğun olaraq ssenaridə bəzi dəyişikliklərin edilməsini istədilər, Sabir Əhmədli razılaşmadığı üçün film də çəkilmədi.
– Sonuncu çap olunan “Yazılmayan yazı” avtobioqrafik əsərini çap etməyi vəsiyyət etmişdi…
– Onu 80 illik yubileyi ərəfəsində özüm öz şəxsi vəsaitim hesabına çap etdirmişəm. Dövlət tərəfindən heç bir dəstək olmadı. Guya, Sabir Əhmədlinin yubileyini keçirmək istədilər, o da olmadı. Hətta dəvətnaməsi də çıxdı. Mən onu sizə göstərə bilərəm. Tədbirə bir-iki saat qalmış xəbər etdilər ki, su borusu partlayıb. Gedib yoxlamadıq ki, orda nə partlayıb, nə partlamayıb. Nə isə, axırı alınmadı. Fikirləri var idi, keçirmək istəyirdilər. Saytlarda da bu haqda informasiya getmişdi. Amma görünür kimsə buna imkan vermədi. Vaqif Bəhmənli şöbə müdiri kimi çox çalışdı. Amma görünür kimsə ona da imkan vermədi. Xalq yazıçısı, prezident təqaüdçüsü olan Sabir Əhmədlinin 80 illik yubileyi bu cür gülməli bəhanə üzündən keçirilmir?
– Sovet dövründə ona təzyiqlər olanda bu, başa düşülən idi. Bunu özü də başa düşürdü, biz də başa düşürdük. Lakin buna baxmayaraq, həmin dövrdə Sabir Əhmədlinin yüksək tirajlarla kitabları çap olunur, İttifaqın respublikalarının müxtəlif kitabxanalarına göndərilirdi. Ancaq ki, müstəqillik dövründə dövlət səviyyəsində onun bir dənə də olsa, kitabı işıq üzü görmədi. Ona bu cür yanaşmanı nə özü, nə də biz başa düşürdük. İndinin özündə də özlərini görməməzliyə vururlar ki, belə bir yazıçı var. Rəhmətlik özü də başa düşə bilmirdi ki, ona niyə bu cür münasibət göstərirlər.
– Azərbaycan Yazıçılar Birliyindən çıxandan sonra qurumla əlaqələri davam edirdimi ?
– AYB-nin sıralarını tərk etməmişdi. Sadəcə incimişdi. Deyirdi ki, mən tanımıram onları. Yerinə kim olsaydı inciyərdi. Neçə il “Ədəbiyyat qəzeti”ndə baş redaktor işlədi. Onun dövründə qəzet necə çıxırdı, sonradan necə çıxdı. Fərq çox böyükdü. Qarabağ müharibəsi vaxtında cəbhədən məqalələr yazırdı. Mən inşallah Sabir Əhmədlinin publisistikasını da ayrıca çap etdirəcəm. O, birbaşa döyüşlərin içindən yazırdı. Elə bir vaxtda baş redaktor oldu ki, həmin dönəmdə qəzeti çıxarmaq çox çətin idi. Qəzeti dövlət büdcəsinə keçirdəndən sonra vəziyyət yaxşılaşdı və ona da münasibət dəyişdi.
– Qızı Yaqut xanım Anarın bir müsahibəsində “Sabir Əhmədlini “Ədəbiyyat” qəzetinə mən redaktor təyin etmişəm” fikrinə münasibət bildirib…
– Mən də fikrimi ona gətirirəm. O vaxt Anar xalq yazıçısı deyildi, amma Sabir Əhmədli xalq yazıçısı idi. Həm də o vaxt çətin məqamda qəzeti ancaq Sabir Əhmədli çıxara bilərdi. Allaha şükür, indi kim kimdi, hamı yaxşı tanıyır.
– “Axirət sevdası” trilogiyası Azərbaycan nəsrində yeni bir dəst-xətt idi. Amma nə media, nə də ədəbi mühit buna nəzər yetirdi. Mərhum bu barədə nələr fikirləşirdi?
– O, öz yerini bilən və özünü tanıyan adam idi. Həmid Herisçinin “Konspiroloq” əsərində atam barədə maraqlı bir fikir var. Deyir, “bir ordunun görə bilmədiyini bir yazıçı edə bildi. Öz əsəri ilə gedib Qarabağa çıxdı”. Həmin əsər də çox maraqlı əsər idi. “Bakı-Mincivan qatarı”nda Cəbrayıla gedib çıxan tənha müəllim obrazı Sabir Əhmədlinin özüdü.
– Onun gizli qutu kimi qalan “Yasaq olunmuş oyun” romanı, əsərin simvolikası barədə nəsə deyə bilərsizmi?
– O barədə söhbət etsək, Sabir Əhmədli üslubunda rəmzlərə çox rast gəlmək olar. Sadəcə olaraq bu mövzu da öz tədqiqatçısını gözləyir. Həmişə deyirdi ki, mən fəhmlə yazıram. Sualınıza mən də konkret cavab verə bilməyəcəm. Əsər çox maraqlıdır. Fədailərin kitabı kimi yazılıb ki, onlardan bir yazılı nümunə qalsın.
– Əsərin yazılmasında o vaxtı Demokratik firqənin kadrlar şöbəsinin rəhbəri Qafar Kəndlinin də istəyi olub.– Ola bilər ki, onların istəyi, ideyaları vizual olaraq üst-üstə düşüb. Tək orda yox, hələ 1969-cu ildə yazdığı “Dünyanın arşını” romanında da Sabir Əhmədli Cənub mövzusuna toxunub. “Yasaq edilmiş oyun” romanının mövzusu isə 37- ci il hadisələrilə bağlıdır.
– Bəs Sabir Əhmədlinin digər cənub mövzusunda yazanlar Mirzə İbrahimov və Süleyman Rüstəmlə münasibəti necə idi?
– Normal olub. Avtobioqrafik romanı olan “Yazılmayan yazı”da bu məsələlərə toxunulub. Ancaq rəhbərliyin ona münasibəti qəti deyildi. Professional yazıçı idi. Onu ancaq əsərləri maraqlandırırdı. “Ədəbiyyat qəzeti”ndə də ailəsini saxlamaqdan ötrü işləyib. Ondan olsaydı heç orda da işləməzdi.
– Özünü yazılarına həsr etmişdi. Heç olmasa onlara görə normal qonorar ala bilirdimi?
– Kitabları çap olunanda qonorar alırdı. O vaxtı yaxşı qonorar verirdilər. Amma 69-cu ildə “Dünyanın arşını”ndan sonra 10 il çap olunmadı. Bir də 1979-da “Yamacda nişanə” işıq üzü gördü.
– Səbəb nə oldu ki, 10 il çap olunmadı?
– Ona qarşı təzyiqlər oldu. Ədəbi tənqidçilər tərəfindən çox tənqid edildi. Amma Sabir Əhmədliyə ictimai rəğbət var idi. 10 ildən sonra çıxan “Yamacda nişanə” necə əsər idi ? Ondan da kəskin!
– Bu məsələyə toxunmaq istəmirdik. Madam ki, söz dəyər verməməkdən düşdü, Sabir müəllimin Fəxri xiyabanda dəfn olunmamağı məsələsi hansı səbəblərə söykənir? Düz deyirsən ki, bizim xoşumuza gəlməyən mövzudu bu. Buna da çox toxunulub. O barədə bir söz deyə bilərəm. Birinci, onun öz arzusu idi ki, Cəbrayılda dəfn olunsun. Amma bu ona qismət olmadı. Fəxri xiyabana gəlincə isə şəhid qardaşım Məhəmmədin də məzarı ordadır. Bizə görə zarafatla deyirdi ki, “ziyarət etməyə yolunuz yaxın olar, ikimizə bir dəyib, gedərsiniz”. Binəqədidə dəfn olunub. O barədə bir söz deyim ki, əvvəl onun dəfn olunduğu yerdə heç qəbirlər yox idi. Bəlkə də elə indi dəfn olunduğu yerdə dayanmışdıq. Bir yaxın adamımızı dəfn edirdik, zarafata qayıdıb dedi ki, “burda yaxşı ev tikmək olar. Dayım da elə zarafatla ona cavab verdi: – “İndi sənin o dünya barədə fikirləşmək vaxtındır, ev tikmək yox”. Binəqədi qəbiristanlığı da bizim üçün əziz ziyarətgaha çevrildi.
– Bəs onun Fəxri xiyabanda dəfn olunması üçün AYB öz səlahiyyətlərindən istifadə etmədi?
– Sabir Rüstəmxanlının dediyinə görə, Anar da bu məsələdə çalışıb, amma alınmayıb.
– Sabir Əhmədlinin adı çox cüzi də olsa, orta məktəb dərsliklərində çəkilir…
– Çox cüzi. “Azadlıq” radiosu bu barədə debat təşkil etmişdi və mən də orda iştirak etdim. Nizami Cəfərov telefon bağlantısında dedi ki, “Sabir müəllimin dili çox çətin olduğu üçün biz onu orta yox, ali məktəb dərsliklərinə salmışıq”. Ancaq onun “20 yanvar hekayələri” var ki, onları orta məktəb dərsliklərinə salmaq olardı. Həm də atam məktəb direktoru və müəllim olub. Məktəb həyatı mövzusunda şagirdlər üçün yazdığı hekayələr də az deyildi. Onlardan nəyisə salmaq olardı.
– Bəs ali məktəblərdə tədris proqramlarına salındımı?
– Var, filologiya fakültəsində tədris olunur. Amma geniş oxucu kütləsi üçün orta məktəb dərsliklərinə salınması da çox yaxşı olardı. Necə də olsa, Azərbaycan ədəbiyyatında ən çox roman yazan yazıçıdır. Özü də elə-belə romanlar yox.
– Bu gün ad günüdür. Kimdən təbrik gözləyirsiniz?
– Heç kimdən. Ailəsi, yaxın qohum-əqrəbası həmişə olduğu kimi bu dəfə də yad edəcəklər.
Qısa haşiyə… yaxud Sabir Əhmədlinin iş otağından reportaj.
İş otağına ayaq basanda öncə diqqətimizi masanın üzərindəki kompüter çəkir. Etibar bəy həmən: – Onun öz kömpüteri idi. Yeniliyi sevirdi. Yeni olan hər şeyə böyük maraq göstərirdi. Hətta kiçik həcmli “Uyuq” kitabını özü kompüterdə yazıb. Həcmi kiçikdi, mənası dərin
Daha sonra Sabir Əhmədlinin böyük portretinə nəzər yetiririk.
– Etibar müəllim, çox yaxşı portretdir.
– Amma özü bəyənmirdi. Arxivə təhvil vermişdi. Sonra dedilər ki, heyfdir, gəlin aparın. Hər şeyi bəyənməzdi o. 70 illik yubileyinə hədiyyə edilmişdi.
Otaqdakı səliqə-səhman və bu səliqənin fonunda xudmani kitabxana çox şeydən xəbər verir. Sabir Əhmədli 50 ildən çox sözün hər mənasında təmizlik içində yazıb. Özü də təmiz olub, sözü də..
– Bu sovet İttifaqı Qəhrəmanı olan rəhmətlik qardaşının şəklidir ?
– Bəli, rəhmətlik əmim Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədlinin şəklidir.
Oğlu daha bir şəkli göstərir: – Bu da şəhid qardaşım Məhəmmədin şəklidir. 24 yaşında Qarabağ döyüşlərində həlak oldu. Nəslimizdə onun kimi oğlan yox idi.
Səhhətimdə problem olsa da, özümü bu otaqda nədənsə rahat hiss edirəm. Fotoqrafımız Elçin şövqlə kitabxananı, divardan asılmış portretləri, iş otağını çəkir. Otaqdakı saflıq bir-bir fotoaparatın yaddaşına hopur. Rəssamların çəkdiyi orijinal portretlər, Türkiyədə yaşayan heykəltəraş Məzahir Avşardan hədiyyə, Orxon-Yenisey yazılarının kiçik abidəsi, köhnə saatlar, şkafdakı 300-ə yaxın kitab və s…
Otaqdan çıxarkən özümüzlə bir ovuc təmizlik də aparırıq. Sabir Əhmədlidən hədiyyə olaraq… Kaş ki, bu gün Azərbaycan ədəbiyyatı bu saflığın qiymətini biləydi…