İş prosesində həmkar münasibətləri önəmli rol oynayır. Bizi başa düşən, kömək əlini uzadan, uğurumuza sevinən, onun ilk şahidi olan, bəzən də paxıllıq edən həmkarımız… Bəs onlar ailə üzvlərimiz olsa necə? Buna sevinməli, yoxsa məyus olmalıyıq?
Modern.az saytı “Jurnalistlər ailəsi”rubrikasında sizi bir neçə üzvü jurnalist olan ailələr haqda statistik məlumatlarla, onların fəaliyyəti ilə tanış edəcək.
İlk müsahibimiz “Exo” qəzetinin əməkdaşı Nuranidir (Tofiqəxanım Qasımova). Evin yeganə övladı olan Nurani jurnalist valideynləri haqqında danışır. Qeyd edək ki, uzun illərdir mediada çalışan həmkarımız subaydır:
“Atam peşəkar jurnalistikayla müstəqillikdən sonra məşğul olub”
“Anam Dilbər Axundzadə Zaqatala şəhərində anadan olub. 50 ildən çoxdur ki, jurnalistikadadır. Əvvəl “Молодежь Азербайджанa” qəzetində çalışıb. Sonra qısa bir müddətə “Пионерская Правда” qəzetinin Azərbaycandakı müxbiri olub. Bundan başqa “Вышка”, “Бакинский рабочий”, “Зеркало” qəzetlərində işləyib. Uzun müddətdir “Exo” qəzetində çalışır.
Atam Fazil Qasımov Bakıda anadan olub. O, ştatdankənar jurnalist kimi çox yerdə çalışıb. Amma peşəkar jurnalistikayla Azərbaycanın müstəqilliyindən sonra məşğul olub. “Azərbaycan”, “Panorama”, “7 gün”, “3 nöqtə” qəzetlərində işləyib. “Exo” qəzetiylə də əməkdaşlıq edirdi. 2011-ci ilin mayında dünyasını dəyişib.
Mən ilk dəfə 12 yaşım olanda qəzetdə məqaləylə çıxış eləmişəm. Bəlkə də ona məqalə demək bir az böyük çıxar. Çünki həcmi çox qısa idi.
Amma 1993-cü ildən artıq peşəkar jurnalist kimi fəaliyyətə başladım. “Azərbaycan”, “Yurddaş”, “Бакинец” qəzetlərində işləmişəm. 1994-cü ilin dekabrında isə “Зеркало” qəzetinə keçmişəm və bəlkə də bu mənim üçün ciddi jurnalistikanın başlanğıcı idi.
2000-ci ilin yanvarında isə artıq “Exo” qəzeti nəşrə başladı. O vaxatdan bu günədək “Exo”da işləyirəm”.
“Valideynlərim jurnalist olmağımı istəmirdilər”
“Əlbəttə, jurnalist ailəsində yaşamaq bu peşəni seçməyimə təsir göstərib. Mən Azərbaycan Tibb Universitetini bitirmişəm. Bəlkə evdə elə universitet keçmişəm ki, jurnalistikanı oxumağıma ehtiyac qalmayıb. Çünki artıq jurnalsitikanın həm yaxşı, həm də pis tərəflərini bilirdim. Biz hamımız jurnalist idik. Evdə çox yaxşı bir mühit yaratmışdıq, bir-birimizi çox yaxşı başa düşürdük və indi də çox yaxşı başa düşürük. Mən heç vaxt valideynlərimə izah etməli deyildim ki, niyə gecə saat 3-də aeraporta getməliyəm. Əgər jurnalist ailəsi olmasaydı, bunu valideynlərimə necə izah edərdim. Həmişə ailəmizdə yaradıcılıq azadlığına ciddi yanaşılırdı. İndi də çox ciddi yanaşılır.
Valideynlərim jurnalist olmağımı istəmirdilər. Anam istəyirdi ki, mən həkim olum. Ona görə sənədlərimi Azərbaycan Tibb Universitetinə vermişdim. Ancaq valideynlərim həmişə mənim şəxsi qərarlarıma yaxşı mənada hörmətlə yanaşırdılar. Ona görə jurnalistikada atdığım ilk addımlardan sonra başa düşdülər ki, potensialım, gələcəyim var. Mən onlardan çox böyük dəstək, ən əsası mənəvi dəstək almışam”.