Qarabağda –Füzuli bölgəsində doğulub-yaşamış, hal-hazırda Haramı düzündə qaçqınlıq şəraitində yazıb-yaradan şair Sabir Arazlı Özgünün növbəti çapdan çıxan kitabı belə adlanır.
Təknur nəşriyyatında, 500 tirajla çap olunan kitab başdan-başa çağdaş Azərbaycan poeziyasının aparıcı simalarından biri – şair Musa Yaquba həsr olunub. Kitaba şairin üç silsilə poeması daxil edilib. “Aylı bir gecədə yazılan məktub”, “Musa Yaqub, səndən məktub almışam”, “Qırx ildir yol gələn görüş” adlı poemaların hər birində Sabir Arazlı Özgünün Musa Yaqub yaradıcılığına böyük önəm verməsi ilə yanaşı, bu poeziyanın Azərbaycan insanının yaşantılarına, onun Qarabağ həsrətinə necə yanaşmalarına da xüsusi ekskurs edilmişdir. Qaçqınlıq həyatı zamanı S.A.Özgünün Musa Yaqubun doğma yurdu İsmayıllıya gəlib çıxması, burada Musa Yaqubun onu nə qədər məhrəm, sıcaq qarşılaması, qayğı ilə yanaşması da yazıların ruhundan xüsusi bir xətt kimi keçir. Şair bununla Qarabağ probleminin ümumazərbaycan problemi olmasını da Azərbaycan oxucusuna çatdıra bilmişdir.
“Bizdən salam olsun Musa Yaquba” kitabının rəyçisi, filologiya elmləri namizədi Esmira Fuad, redaktoru Nəzakətdir.