Litva Respublikasının məşhur “www.slaptai.lt” internet portalında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 31 Mart soyqırımdan bəhs edən məqalə dərc edilib. “Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı” sərlövhəli məqalənin müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
Məqalədə bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin davam etdirildiyi qeyd olunur: “Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Nəticədə bir milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır, işğal altındakı tarixi-dini abidələrimiz məhv edilir. Bu faktlar da təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır”.
Müəllif yazır ki, ermənilər hələ 1918-ci ilin mart ayında 12 min azərbaycanlını qətlə yetirməklə yanaşı Azərbaycanın yüzlərlə şəhər və kəndini xarabalığa çevirib, məscidlər, məktəb binalarını yandırıb, mədəniyyət abidələrini yerlə yeksan ediblər: “Ermənilər Cümə məscidini, Təzə pir məscidini, İsmailiyyə binasını top atəşi ilə dağıdıblar. Ermənilərin işğal zonalarında Azərbaycanın maddi mədəniyyət abidələrinin dağıdılması prosesi indi də davam edir. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix, mədəniyyət və memarlıq abidələri ermənilər tərəfindən müxtəlif vandalizm aktlarına məruz qalır. Memarlıq abidələri tamamilə sökülüb tanınmaz hala salınıb və ya təhqir edilib. Bütün bunlarsa “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir”.
Yazıda ermənilərin bu vandalizminə baxmayaraq Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin dövlət səviyyəsində davam etdirildiyi, hətta Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələrinin də qorunduğu vurğulanır: “Bakıda olan “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Hazırda burada kitab və erməni dilində olan əlyazmalar qorunur. Son dəfə erməni kilsəsində bərpa işləri 2011-ci ildə aparılıb. Bu gün xaricdən gələn qonaqların bu kilsəyə səfərləri təşkil olunur. Hətta 2010-cu ilin 26 aprelində Dini liderlərin Ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin bu kilsədə olublar. Ermənilər abidlərimizə vandalizm siayasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur”.