Güclü küləyin başlaması yağışın qarşısını almışdı. Pəncərədən eşidilən vıyıltı səsləri elə bil qışı yenidən gətirmişdi. Təbiət də təlatümdə idi. Sanki çalxalanırdı. Təbiətində hər üç aydan bir yeni nəfəsə ehtiyacı olur axı…
Kresloda onu yuxu aparmışdı. Nə vıyıltı səsi eşidirdi, nə də təbiətin çalxalanmasını…
Atası evə gəlib anasına pıçıltı ilə nəysə deməsi evdə abu-havanı ani olaraq dəyişdi. “Obkom” zəng etmişdi. Təcili yanına çağırırdı. Söhbət vəzifə yüksəlişindən gedirdi. Yeddi ildən sonra dünyaya gələn övladını evdə dayənin himayəsində qoymaq istəmədilər. Sanki xəbəri ailəlikcə eşitmək istəyirdilər…
Atası rayonda baş həkim işləyirdi. Vaxtilə “obkom”la bir oxumuş və ailəvi dost olmuşdular. Sədaqətli dost idilər. Və bu dostluq müharibə illərindən gəlirdi. Hazırlıq tapşırığını verib işə yollandı. Bir saata yola düzəlməliydilər…
Havanın ritmi getdikcə dəyişirdi. Qəflətən əsən külək pəncərədən evə girdi. Üçtaylı güzgünün bir tayı geri qatlanlıb üz-üzə gəldi. Güzgünün kicik tayı zərbədən sınıq-sınıq oldu. Həm evin xanımı və dayə bu hadisəyə mat qalmışdılar. Xanımın üzündəki sevinc hissi itmişdi. Amma getməliydilər. Başqa yol yox idi…
Hadisədən ərinin xəbəri olmadı. Son anda həyat yoldaşının könlünü alıb oğlunun evdə qalmasına razılıq aldı. Dayə də özgə deyildi. Yaxın qohumlarıydı. Uzun illər idi onlara qulluq edirdi. Uşağa da özününkü kimi baxırdı. Paytaxtda bir həftə qalacaq, az da olsa istirahət edəcəkdilər. Xanımınn təklifi ilə əri də razılaşdı…
Yeni aldıqları “QAZ-21”lə ilk dəfəydiki uzun məsafə qət edəcəkdilər. Nə vaxtsa paytaxtdakı qohumları uçun aldıqları hədiyyələri öz dəyişəkləri birgə götürüb yola düzəldilər. O vaxtlar yollarda indiki qədər maşın olmazdı…
Dörd yüz əlli kilometr yol getməliydilər. Axşama ancaq çatardılar.
Müharibdən sonrakı illərdə salınan yollarda keyfiyyət var idi. Maşını rahat sürmək olardı. Hər tərəfdə olan uzun şam ağacı meşəsi göz oxşadığından, vaxtın necə keçdiyini hiss etmirdin. Axşama doğru getdiyindən əri maşınının sürətini bir qədər artırdı. Beləcə söhbət edə-edə gedir, xanımı da söhbətin birini qurtarıb, o birini başlayırdı ki, ərini yuxu aparmasın. Həm də yolda maşın saxlamaq olmazdı. Yollarda çaqqal – canavarlarla dolu olardı…
Mənzil başına az qalmışdı. Hara düşəcəklərini fikirləşirdilər. Xanımı bacısıgilə, əri isə mehmanxanaya düşmək istəyirdi. Bacısıgilin evinin darısqal olduğunu nəzərə alıb mehmanxanaya düşməyə qərar verdilər…
Uzaqda görünən paravozun qara tüstüsünü külək elə dalğalandırırdı sanki beşikdə yatan çağaya layla çalırdı. Xanımı danışıb gülsə də, hər an Allaha yalvarırdı ki, sağ-salamat çatsınlar. Güzgünün sınması yaxşı əlamət sayılmırdı axı. Bir necə kilometrdən sonra şəhərdə olacaqdılar. Tüstüsü uzaqlaşsa da paravoz sanki bunlar tərəfə gəlirdi. Hiss olunurdu ki, o da şəhərə gedirdi. Şəhərə isə giriş bir istiqamətdən idi…
Qarşıda şlaqbaum var idi. Qaranlıq olduğundan üstəlik küləyin vıyıltısı paravozun səsini eşitməz etmişdi. Elə bu an həyat sanki dayandı. Ətrafda baş verənlər onlar üçün artıq eşidilməz idi…
Paravozun qarşısına keçən “Qaz-21” xış-xış oldu. İçəridə olanları çox çətinliklə çıxara bilmişdilər. Maşında olanlar isə artıq həyatda deyildilər…
Övladının bu hadisədən xəbəri olmamışdı. Dayə hadisəni ona danışa bimirdi. Hər yadına saldıqca kövrəlir, uşağa onu hiss etdirmirdi. Amma ürəyində çəkdiyini çəkirdi. Özünü nə qədər tox tutsa da? bir ildən sonra faciəyə dözə bilməyən dayə də dünyasını dəyişdi…
…Bu gecə Bakıda da güclü külək əsirdi. Vıyıltı səsi aləmi bir birinə qatmışdı. Amma nə zaman o zaman idi. Nə də məkan, o məkan…