İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.
“ATV Xəbər” in aparıcısı Ceyhun Əli düşünür ki, teleaparıcılıq natiqlik sənətinin bir hissəsidir: “Mən xüsusi təmayüllü məktəbdə – İncəsənət Gimnaziyasında təhsil almışam. Buna görə xoşbəxtəm. Bəli, məhz xoşbəxtəm. Hələ 5-ci sinif gimnaziyaçı olanda mənə səhnədə addımlamağı və danışmağı öyrətməyə başladılar. Səhnə danışığı, rəqs, vokal dərsləri. Fərqli böyütdü bizi müəllimlərimiz. Gimnaziyanı bitirəndə artıq nə istədiyimi bilirdim. Fəqət ali məktəb seçimində tərəddüt etdim. Teleradio akademiyasına qəbul olmaq istəyirdim. Amma təəssüf ki, Azərbaycanda belə bir akademiya yaranmamışdı. Bu səbəbdən Bakı Slavyan Universitetinin Filologiya- Azərbaycan dili və ədəbiyyatı fakultəsini seçdim. Məmnunam. Bu günədək ixtisasım üzrə işləyirəm. Bəli, bu efirdən kənar fəaliyyətimə aiddir. Universitetlər, özəl təhsil ocaqları və müxtəlif mərkəzlərdə Nitq mədəniyyəti və bədən jestlərinin dili üzrə ekspert qismində təlimlər, seminarlar aparıram. Efir pedaqoji fəaliyyətimə çox kömək edir və tərsinə. Tələbələrlə ünsiyyət efirdə daha rahat olmağıma yardım edir.
Səhnəni uşaqlıqdan sevmişəm. Hələ tələbəlik illərindən aparıcı qismində çıxışlarım olub. İlk dəfə peşəkar səhnəyə 13 yaşında ikən ayaq basmışdım. Azərbaycan rəqslərinin şahzadəsi-o zaman da belə təqdim etmişdik, Əminə Dilbazinin yubileyinin aparıcısı idim. Təsəvvür edirsiniz, balaca uşaq böyük səhnədə. Və bu səpkili çıxışlar artıq arzumu məqsədə çevirmişdi. 2-ci kursu bitirdiyim ərəfədə özəl kanalların birində müsabiqə elan edilmişdi. 168 nəfər iştirakçıdan cəmi 6 nəfər qaldıq. Təcrübə müddəti keçməli idik. Sonra həmin 6 nəfərdən 4-ü telekanaldan ayrıldı. Beləcə mənim televiziyada əvvəlcə diktor, sonra teleaparıcı, bununla yanaşı isə telejurnalist kimi fəaliyyət dövrüm başladı. Sahə deməzdim. Teleaparıcılıq natiqlik sənətinin bir hissəsidir. Bu sənət növüdür. Bu incəsənət növüdür. Bax indi, siz bu cümlələri oxuduqdan sonra nitqinizlə səsləndirsəniz, məni daha yaxşı anlayacaqsınız.
Mən sevdiyim işlə məşğulam. Məsuliyyətim böyükdür. Ona görə yox ki, mən efirə çıxıram və bunu deməliyəm. Ona görə ki, tamaşaçı ilə ünsiyyət yüksək psixoloji dərəcə və məqamdır. Buna hər natiq, aparıcı və ya ifaçı nail ola bilmir. Mənim üçün ən vacib şərt efirdə harmoniyanın olmasıdır. Biz tamaşaçını görmürük. Amma əgər özünlə təmiz davranırsansa bu harmoniyanı hiss edirsən. Məhz təmiz davranmaq. Müəllimlərim mənə formul təqdim etmişdi. Səmimiyyət üstəgəl peşəkarlıq, bərabərlik, xeyirxahlıq”.
Vesti.az saytının əməkdaşı Ramella İbrahimxəlilova: “Dağıstan Dövlət Universitetinin hüquq fakultəsini bitirmişəm. Sumqayıt şəhər idarəsində 6 ay hüquqşünas işləmişəm. Amma mənə maraqsız göründü deyə, o işdən çıxdım. 1998-ci illər idi. Bacımın rəfiqəsi “Şərq” agentliyində işləyirdi. O vaxt Azərbaycanda çox az agentlik fəaliyyət göstərirdi: “Trend”, “Turan”, “Assa-İrada” və s. Onlardan biri də “Şərq” idi. Həmin agentliyə jurnalist tələb olunurdu və mənə orada işləmək təklif olundu. Dedilər ki, bizə kriminal rubrikasını işıqlandıran lazımdır. Mən də özümü bu sahədə sınamaq istədim. Fikirləşdim, alınsa qalacam, alınmasa özümə başqa bir iş tapacam. Deyim sizə, çox çətinliklə alındı. 3 ay idi işləyirdim, ağlayırdım, anama deyirdim ki, “mama, alınmır məndə, bu işdən çıxıram”. Əvvəl anam istəmirdi ki, mən jurnalistikanı seçim. Deyirdi, çətin olacaq. Amma mən etiraf eləyəndə ki, çətindir, anam mənə dəstək oldu ki, “yox, bir az da döz, səndə alınacaq”. Mən işləməyə davam etdim. Əslində işdə deyirdilər ki, məndə yaxşı alınır. Çünki o vaxt “praktikantlar”ın arasında yeganə adam idim ki, birinci ay ərzində 26 dənə məlumat vermişdim.
Peşmançılıq hissi yoxdur, maraqlı sahədir. Düzdür, olduqca çətin işdir. Çünki kriminal sahədir, orada istintaq sirri var, hər məlumatı vermək olmur. Həm də məlumatı verəndə nəzərə almalısan ki, sabah ona görə məsuliyyət daşıyırsan. Sözsüz ki, istənilən məlumata görə jurnalist məsuliyyət daşıyır. Ancaq kriminal elə sahədir ki, orada həm zərərçəkənin, həm şübhəli şəxslərin (təqsirkar bilinən), həm də istintaq maraqları var. Ona görə oxucuya elə təqdim etməlisən ki, sonra o məlumata görə problem yaranmasın”.
Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli jurnalistikanı siyasətdən üstün bilir: “Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunuyam. Öz ixtisasım üzrə işləməmişəm. Filologiya fakültəsində oxuduğum zaman Xalq Cəbhəsi Partiyasına üzv də olmuşdum. O zamanlar siyasətçi olmaq fikrim var idi və siyasətçiliyə doğru jurnalistikadan gəlmək istədim. Deməli, 1997-ci ildə ilk dəfə olaraq “Şərq” qəzetində çalışmağa başladım. Qısa bir müddət orada çalışdım. Sonra o dövrlər üçün böyük tirajla satılan “Bu gün” qəzetində bir müddət çalışdım. Ondan sonra da ardıcıl olaraq “Millət” , “Avrasiya” qəzetlərində işlədim. Daha sonra Qənimət Zahidin başçılıq elədiyi jurnalistlərlə bağlı bir təşkilatda şöbə müdiri kimi çalışdım. Hərbi xidmət keçidim, ardınca “Azadlıq” qəzetində işlədikdən sonra “Bizim yol” qəzetində redaktor oldum. 2004-cü ildə “Yeni fikir“ gənclər hərakatını təsis etdik. 2005-ci ildə həbs olundum və 2012-ci ildə həbsdən çıxandan sonra yenidən jurnalistika ilə məşğul oldum. “Avropa.info” saytını açdım. Belə olub. Yəni, jurnalistikaya gəlişi sırf siyasi proseslərə müdaxilə, siyasətə gəlişə bir yol, tramplin kimi nəzərdə tutmuşdum. Amma siyasi rəhbər kimi cəmi bir il fəaliyyətdə oldum. Ondan sonrakı dövrlər siyasi məhbus oldum, daha sonra isə yenidən bu sahəyə qayıtdım.
Peşmançılıq deyəndə ki, əlbəttə ki, dünya jurnalistikası ilə müqayisə edəndə bizdə maddi tərəflər yaxşı vəziyyətdə deyil. Amma məsələnin başqa bir tərəfi var. Məsəlçün, mən bu gün siyasətdə olmaqdansa, jurnalistikada olmağı daha üstün tuturam. İndi Azərbaycanda jurnalistika sahəsində vəziyyət elədi ki, heç kim deyə bilməz ki, 100 faiz hər bir şeyi yaza bilir. Amma məsələn, mən istədiyimin 80-85 faizini “Avropa.info”da reallaşdıra bilirəm. Özdəki “Avropa.info” konkret mövqe tutmayan və hər hansısa bir siyasi partiyanın və yaxud təşkilatın liderini müdafiə etməyən informasiya orqanıdır. Sadəcə olaraq bacardığımız qədər düzlüyü yəni, cəmiyyətdə olanı, cəmiyyətdə baş verənləri çatdırmağı nəzərdə tuturuq. Və mən çalışıram ki, bu prinsiplərə riayət edək. Jurnalistikada olmağımdan razıyam, ya razı deyiləm. Vaxt olub ki, burada olmağıma görə peşman olmuşam. Başqa yerdə olmağımı istəyərdim. Amma indiki halda bütöv Azərbaycan jurnalistikasında maddi durum o qədər də yaxşı olmasa da, məncə, siyasətdə olmaqdansa, burada olmaq daha perspektivlidir. Həm də jurnalistikada olmaq əlbəttə ki, insana siyasətdə olmaqdan daha sərbəstlik verir”.
Publika.az saytının redaktoru Cəmaləddin Həsənoğlu: “BDU-nun şərşünaslıq fakültəsini bitirmişəm. İxtisasca ərəbşünasam. Repititorluq fəaliyyətimi, “Ədəbiyyat” qəzeti üçün ərəb ədəbiyyatından tərcümələr etməyimi nəzərə almasaq, ixtisas üzrə çalışmamışam. Çünki biz təhsil aldığımız və məzun olduğumuz illərdə təəssüf ki, ixtisas üzrə iş təklifi demək olar ki, yox idi. Yalnız bir-iki özəl ərəb şirkəti, bir iki də ərəb səfirliyi var idi. Özəl şirkətlər daha çox qənnadı və tekstil ticarəti ilə məşğul olurdu. Səfliklərdən birində əmək haqqı jurnalist məvacibimdəm 4 dəfə aşağı idi. Digərində isə ərəb dili bilgisi, ingilis dili bilgisi tələb olunurdu. AMEA-da elmi işçi üçün verilən əmək haqqıdan danışmağa belə dəyməzdi.
Dediyim kimi qəzetlərdə yazılarım, ədəbi tərcümlərim çap olunurdu. Sonra mərhum Hüseyn Əfəndinin baş redaktor olduğu vaxt “Gənclik” jurnalının həftəlik qəzet versiyası üçün Şərq ölkələri haqda yazılar hazırlayırdım, bunu genişləndirib “Dünya xəbərləri” səhifəsi etdim. Hüseyn Əfəndi işə dəvət etdi. İlk olaraq cəbhə bölgəsindən reportaja göndərdilər. Reportaj bəyənildi. O vaxtdan da jurnalistikada qaldım. Amma indi də diplom ixtisasımı unutmamaq üçün iş gününə Şərq ölkələrinin saytlarını izləməklə başlayıram. Boş vaxt tapdıqca da ədəbi tərcümələr edirəm.
Xeyr, peşman deyiləm. 20 ildən sonra nə peşmançılıq? Belə bir hiss olsaydı, çoxdan uzaqlaşardım”.