Bahar Muradova: “Bu kitab “Xocalı” sözünün əzabını yenidən yaşamağa vadar etdi”

Modern.az-ın məlumatına görə AzNews.az-ın “Məşhurların oxuduğu kitab” layihəsində millət vəkili, Milli Məclisin vitse-spikeri Bahar Muradova ““Böyüməyən uşaqlar” kitabından danışıb.

“Çox təəssüf edirəm ki, son oxuduğum Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimat mərasimində iştirak edə bilmədim. Amma əvvəlindən son cümləsinədək oxuduğum bu kitabın içindəki hər bir tarixçə məni “Xocalı soyqırımı” və “Xocalı” sözünün əzabını bir daha yenidən yaşamağa vadar etdi. Bu günlərdə televiziya ekranlarından seyr etdiyim bir videosüjet isə daim gözlərimin qarşısındadır.
Həkimlər elə indicə doğulmuş bir körpəni əvvəlcə anasının sinəsi üstünə qoyurlar, uşaq dərhal yanağını anasının üzünə dayayır, sağ əlini isə geniş açaraq onun alnına qoyaraq sanki onu qucaqlamağa çalışır. Elə ki, onu rahatlamaq üçün anasından ayırırlar, körpə çox ucadan qışqıraraq ağlayır. Yenidən onu anasına yaxınlaşdıran kimi sakitləşir və yenə yanağını onun üzünə dayayıb sağ əlini onun alnına qoyur. Bu hal bir neçə dəfə təkrarlanır. Bu kadrlar qarşısında özümü saxlaya bilməyib çox kövrəlmişdim.
Yəqin ki, bu hisslərimdə tək deyil, bu kadrlara baxan minlərlə insanlardan biri idim. Xocalıda dünyaya göz açan minlərlə körpə həmin gecə dünyaya və doğmalarına əlvida dedi. Bir qismi isə bu dəhşətləri bu günədək nə anlaya, nə də qəbul edə bilir. Artıq özləri də ana və övlad sahibi olan bu məsum “uşaqları” dinlədikcə göz yaşlarım quruyur – bəli dinlədikcə. Çünki sanki onlarla üz-üzə, göz-gözəyəm, hər birinin kövrək hıçqırtılarını eşidir, dəhşətdən böyüyən gözlərində bir etiraz, bir qəzəb, eləcə də insan cildində vəhşilərə bir nifrət oxuyuram. Həm də bir qınaq var onlarda – «nə vaxtadək dünya bizə biganə qalacaq? Ədalət yoxmu bu dünyada?” – deyir o gözlər. Arzu edirəm ki, o körpə sağ-salamat böyüsün, atalı-analı olsun, öz evinin, öz yurdunun sahibi olsun. Tanrı isə ürəyimizcə versin. Amin…”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO