Jurnalist Elbəyi Həsənli Bakıdan getdi: “Ailəm, qohumlarım təkidlə jurnalistikadan getməyimi istəyirlər”

“Bakıda söküləcək evimə görə alacağımız pula göz dikən çoxlu qohumum var”

İsveçrədə mühacirətdə yaşayan və bir müddət öncə Azərbaycana geri dönən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elbəyi Həsənli Modern.az saytına müsahibə verib. E.Həsənli bildirib ki, artıq Bakıdan İçveçrəyə – Sürix şəhərinə qayıdıb.

Söhbət zamanı onu da qeyd edib ki, hazırda mühacirətdə miqrasiya xidmətini həyata keçirən firmada çalışır və işindən olduqca məmnundur. Ancaq Azərbaycanda yaşamaqla bağlı qərarında Elbəyi Həsənli hələ də tərəddüd edir.

– Bir müddət öncə mətbuata müsahibənizdə bildirmisiz ki, dostlarınızla məsləhətləşəndən sonra Azərbaycanda qalıb-qalmamaq haqda qərar verəcəksiniz. Nə qərara gəldiniz?

– Dostlarla məsləhətləşdim. Müxtəlif variantlar ortaya çıxdı. Bəzi variantlarda jurnalistika ilə vidalaşmaq şərt olaraq irəli sürüldü. Bu isə mənim üçün məqbul deyil. Ümumiyyətlə, mövcudluğumu jurnalistikadan kənarda təsəvvür etmirəm.

-Niyə?

-İngilis və alman dillərini bilməyim mənə jurnalistikada əlavə üstünlüklər verir. Əlbəttə, bu bilgilərdən başqa müstəvilərdə də istifadə etmək olar. Amma yad divarlar arasında oynamaq istəməzdim. Jurnalistikada mənim balaca da olsa, öz meydançam var. Əminəm ki, jurnalist olaraq daha çox işlər görə bilərəm. Düzdür, jurnalistika daim kasıblıq, maddi imkansızlıq deməkdir. Şübhəsiz ki, mən bunu yaxşı bilirəm. Onu da bilirəm ki, başqa müstəvilərdə ciddi para da qazana bilərəm. Amma mən jurnalist olmağı orta imkanlara malik adam olmaqdan daha üstün tuturam.

-Bəs ailənizdə buna etiraz edən varmı?

-Düzü, ailə üzvlərim, xüsusən qohumlarım təkidlə jurnalistikadan getməyimi istəyirlər. Onların düşüncəsinə görə, mənim yazı-pozu ilə məşğul olmağım onlara başağrısından başqa bir şey gətirməyəcək. Onsuz da bizlərə salam verməyə cəsarət edən 3-4 qohum qalıb. Onları da itirmək istəməzdik. Yəni, ziddiyyətlərlə dolu bir vəziyyətlə üz-üzəyəm. Ona görə də qəti qərara gəlməmişəm.

-Jurnalistikadan söz düşmüşkən, keçmiş qələm dostlarınızdan kiminlə əlaqə saxlayırsız?

-Qələm dostlarım çoxdur. Biriləri ilə də görüşürəm. Təəssüf ki, əksəriyyəti daha yazmır. Mən onları başa düşürəm. İnsanlar rahat yaşamaq istəyirlər. Mənə də açıq mətnlə deyirlər ki, bəy, sən dəlisən. Nəyinə lazımdır, ömrünü niyə belə yazı-pozulara xərcləyirsən. Kimdir axı buna dəyər verən? Öz işinə önəm ver. İldə 4-5 dəfə bir həftəlik məzuniyyət götür, dünyanın dörd yanını gəz. Axı Azərbaycanda nə var? Nəyə ümid edirsən? Amma sizə deyim ki, mənə belə “ağıl” öyrədən dostlarımız hər gün Azərbaycan mediasını izləyirlər. Və son dərəcə məlumatlıdırlar. Sadəcə yazmırlar. Amma yazsalar, bundan Azərbaycanda hər kəs fayda görər. Təəssüf ki, Azərbaycandan kənarda yaşayan jurnalistlərə dövlətin heç bir marağı yoxdur. Hökumətdəki məmurların imkanı olsa, bizləri birdəfəlik susdurarlar. Çünki bu məmurları ancaq xalqdan çırpışdıqları pul maraqlandırır. Azərbaycanın gələcəyi, Qərbə inteqrasiyası maraqlandırmır. Əminəm ki, dövlətçilik düşüncəsində olanlar siyasi arenada önə çıxanda, bizləri də yada salacaqlar.

-Sizin vaxtilə Bayılda eviniz var idi. O evin taleyi necə oldu?

-Bayıldakı evimiz sürüşmə zonasındadır. 10 il əvvəl Bakını tərk edəndə çoxları əmin idi ki, 2-3 aya həmin evlərə görə dövlət bizə pul verəcək. Amma hələ də həmin evlər yerindədir. Və hələ də deyirlər ki, 1-2 aya məsələ müsbət həllini tapacaq. Onu da deyim ki, o evə görə alacağımız pula göz dikən o qədər qohumumuz var ki. Hər kəsin də bir arqumenti var. Biri deyir, o vaxt sənə torpaq sahəsini mən vermişəm. Başqa birisi deyir, evin daşını mənə almışam. Və hər kəs də haqlıdır. Qorxuram o evə görə verilən pulun üstünə bir az da öz cibimdən qoyub qohumları razı salım.

-Qızınız İsveçrədə təhsil alır. Azərbaycana gəlmək qərarı versəniz, qızınızın təhsil almaq məsələsi necə olacaq?

– Qızımın təhsili bizim üçün xüsusi statuslu məsələdir. İstəyirik ki, İsveçrədə təhsilini başa vursun və İsveçrə vətəndaşı kimi pasport alsın. İş orasındadır ki, qızım Azərbaycanda yaşamaq istəyir. O hesab edir ki, insan öz vətənində öz doğmalarının yanında yaşamalıdır. Əlbəttə, biz onun istəyinə etiraz edə bilmərik. Hər kəsin seçiminə hörmətlə yanaşmaq lazımdır. Əlbəttə, o, yaxşı bilir ki, Azərbaycanda 10 minlərlə gənc insan var ki, məmnuniyyətlə İsveçrədə yaşayardılar. Çoxları üçün bu əlçatmaz xəyal kimi bir şeydir. Amma onun üçün Azərbaycanın alternativi yoxdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO