İraq Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi layihələri öyrənmək istəyir.
Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
İraq Ətraf Mühit Nazirliyinin Minalarla Mübarizə İdarəsinin rəisi İsa Əl-Fəyyazın başçılıq etdiyi nümayəndə heyətinin ötən həftə Azərbaycana səfəri zamanı İraq və Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlığın qurulması məsələləri müzakirə olunub. Görüşün nəticəsi olaraq İsa Əl-Fəyyaz mina təhlükəsinə dair maarifləndirmə sahəsində ANAMA-nın bu təcrübəsindən yararlanaraq təlim və tədris materiallarının ərəb dilinə tərcümə edilərək İraqda tətbiq olunmasının vacib olduğunu bildirib. O, habelə İraq hökuməti ilə razılaşdırıldıqdan sonra qısa bir zamanda müxtəlif qurumlardan aidiyyəti mütəxəssislərin ANAMA-nın təlim imkanlarından faydalanmaq məqsədilə Azərbaycana səfər edəcəklərini deyib.(apa)
Qeyd edək ki, səfər çərçivəsində İraq nümayəndə heyəti Füzuli rayonunda ANAMA-nın Regional Əməliyyat Bazası, bölgədə aparılan minatəmizləmə əməliyyatları və əməliyyatlara cəlb olunan texnika ilə tanış olub. Nümayəndə heyəti həmçinin Tərtər və Göygölə səfər edib.