Mətbuat Şurasında bu gün Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş «Bir kərə yüksələn bayraq» sənədli filminin təqdimatı keçirilib.
SalamNews xəbər verir ki, tədbir ideya müəllifi MŞ İdarə Heyətinin üzvü, Milli Məclisini deputatı Cavanşir Feyziyev, layihə rəhbəri Şura sədri Əflatun Amaşov və ssenari müəllifi tanınmış televiziya jurnalisti Bəxtiyar Qaraca olan filmin nümayişi ilə başlanıb. Yarım saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun elmi araşdırmalarına istinad olunub.
Mərasimi açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun Azərbaycanın ictimai fikir tarixində mühüm missiya daşımış şəxslərlə bağlı daha 12 sənədli filmin çəkilişi həyata keçiriləcək.
Cavanşir Feyziyev prezident İlham Əliyevin imzaladığı sərəncamın M.Ə.Rəsulzadənin irsinin öyrənilməsi ilə bağlı gerçəkləşdirilən işlərə təkan verəcəyinə əminliyini vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə və başqaları uzun müddət ərzində Rəsulzadə şəxsiyyətinin Azərbaycan cəmiyyətinə yanlış təqdim olunmasının doğurduğu mənfi nəticələrdən söz açıblar.
– See more at: http://salamnews.org/az/news/read/112691#sthash.cmtfp2og.dpuf