AZTV-də 3 sənədli telefilmin istehsalı başa çatıb

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də 3 sənədli telefilmin istehsalı başa çatıb. Modern.az-ın məlumatına görə, «Aləmdə səsim var mənim» filmi klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunub. Çəkilişləri Bakıda və Şamaxıda aparılmış ekran əsərində şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırıb.

Ssenari müəllifi Zərnişan Ağayeva, rejissor – Vasif Məmmədzadə, operator – Zahid Bağırovdur. «Palıd ömrü» isə klassik Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndəsi, yazıçı-dramaturq, böyük maarifpərvər Nəcəf bəy Vəzirovun ömür yolundan və yaradıcılığından bəhs edir. Filmdə ədibin əsərlərindən parçalar səsləndirilib, eləcə də ictimai fəaliyyəti işıqlandırılıb. Seyrçilər ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun meşəçiliyə həsr olunmuş «Palıd» elmi əsəri haqqında da məlumat əldə edəcəklər. Ədibin obrazını aktyor Cəlal Məmmədov canlandırıb. Ekran əsərinin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru – Tural İzzətli, operatoru Adil Abbasovdur. «Nar» sənədli filmi elmi-kütləvi janrda lentə alınıb. Filmdə narın insan sağlamlığında oynadığı əhəmiyyətli roldan, «min bir dərdin dərmanı» olmasından söz açılıb. Çəkilişlər narın Azərbaycanda vətəni hesab olunan Göyçay rayonunda aparılıb. Filmin ssenari müəllifi Sevinc İbrahimqızı, rejissoru – Oqtay Əlizadə, operatoru – Nəriman Şıxəliyevdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO