Onlayn medianın inkişafı KİV sahəsində ciddi fəsadlara səbəb olacaq

“İnternet mediasının son dövrlərdə inkişaf etməsi təbii prosesdir. İnsanlar həmişə daha çevik xəbər almağa can atırlar.”

Bunu SalamNews-a Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

Onun sözlərinə görə, internetin meydana gəlməsi və son onillikdə çox böyük sıçrayışla inkişaf etməsi, bu texnologiyanın media üçün də faydalılığını da üzə çıxarıb: “Buna görə də onlayn media ağlagəlməz sürətlə genişlənir, hər kəsin həyatına daxil olur. Bu isə o deməkdir ki, ənənəvi media, hətta TV-lər belə internet mediaya uduzur. Bunu müsbət addım kimi dəyərləndirmək lazımdır.”

Amma bu inkişafın Azərbaycan qanunverciliyində boşluğun yaranmasına səbəb olduğunu deyən müsahibimiz qeyd etdi ki, bu sahəyə nəzarət yox, sadəcə media etikası məsələlərində tənzimləmə tətbiq olunmalıdır: “Çünki, bəzən yeni yaradılan onlayn media resursları sui-istifadə hallarına yol verirlər. Məsuliyyət məsələsi də ortaya çıxanda bəlli olur ki, həmin resursun əlaqə bilgiləri ümumiyyətlə yoxdur. Ona görə də biz Mətbuat Şurasında bu məsələni müzakirəyə çıxarmışıq.”

MŞ üzvü deyib ki, internet mediasının yazılı və elektron mətbuatı arxa plana atması faciəvi olmasa da, müəyyən kataklizmlərə səbəb olacaq: “Hər şeydən öncə qəzet və jurnalların əmtəə olaraq bazara çıxarılmasına son verilməsi, onların gündəlik real gəlirdən məhrum olmasına səbəb olacaq. Digər tərəfdən, yeni texnologiyalarla işləməyi bacarmayan, nisbətən yaşlı nəslə aid jurnalistlər iş yerlərini itirəcəklər.”

Mətbuat Şurasının tərkibində ötən ildən başlayaraq onlayn media komissiyasının fəaliyyət göstərdiyini bildirən A.Həsrət vurğulayıb ki, komissiya əsasən Avropa təcrübəsini öyrənməklə məşğuldur. İndi Avropa ölkələrində Mətbuat şuralarının Media şuralarına çevrilməsi prosesi başlayıb. Çünki hamı bu qənaətə gəlib ki, ənənəvi çap mediası ömrünü başa vurur və onun yerini internet mediası tutur. Biz də prosesdən geridə qalmırıq və müəyyən addımlar atılır.

– See more at: http://salamnews.org/az/news/read/111647#sthash.JnWO84Qh.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO