Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Azad Cəfərlinin Türkiyənin onlayn jurnalı “Turkish Weekly”də “Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) İnsan Hüquqlarının təşviqi kimi” sərlövhəli məqaləsi dərc edilib.
ASAN Xidmət Mərkəzindən SalamNews-a verilən xəbərə görə, məqalədə ölkəmizin Avropa Şurasına üzv olması, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, BMT-nin İnsan Hüquqları Şurasının ilk 47 üzvündən biri seçilməsi kimi məsələlər əksini tapıb.
ASAN-nın (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) yaradılması son illər ölkədə həyata keçirilən uğurlu islahatların məntiqi nəticəsi kimi adlandırsaq yanılmarıq. Bu konsepsiyanın dövlət xidmətlərinin vahid məkandan göstərilməsinin yeni modeli kimi qiymətləndirilməsi məqalədə əks olunmuşdur.“ASAN xidmət” mərkəzlərində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 25 hüquqi və 22 funksional yardımçı xidmətlərin göstərilməsi vahid məkandan eyni zamanda bir neçə məsələnin həllinə imkan verir. Mərkəzlərin yaradılmasının əsas hədəfləri sırasında dövlət xidmətlərinə bərabər çıxışın və xidmətlərin göstərilməsində şəffaflığın təmin edilməsidir.
Operativlik, nəzəkətlilik, rahatlıq və şəffaflıq prinsipləri çərçivəsində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri gün ərzində 1000-dən çox vətəndaş müracəti qəbul edir. Həmçinin, bütün ödənişlərin bank şöbələri vasitəsi ilə aparıldığı mərkəzlərdə növbə sistemi müvafiq proqram təminatı ilə tənzimlənir.
Müəllif vurğulayıb ki, “ASAN xidmət” mərkəzləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeli qurumudur. Dövlət Agentliyi isə öz növbəsində 9 dövlət orqanı tərəfindən göstərilən xidmətlərin satandartlarını müəyyən edir və nəzarət və qiymətləndirməni həyata keçirir.
– See more at: http://salamnews.org/az/news/read/110981#sthash.DBqxFPmO.dpuf