Keçmiş ANS-çi: “Müxbirlər öz zəhmətlərinin haqqını ala bilməyəndə narazılıq yaranır”

ANS TV-nin keçmiş əməkdaşı Tural Səftərov telekanalın bölgə müxbirlərinin iş barədə yazdığı məqaləni Modern.az saytına təqdim edib. Tural Səftərov yazır:

“Bölgələr departamenti” problemi…

Son günlər ölkə mətbuatında gündəmdən düşməyən ANS-lə bağlı xəbərlər bir keçmiş televiziya əməkdaşı kimi məni də narahat etdi. Mən bu xəbərlərin nə dərəcədə doğru və ya yalan olduğunu deyə bilmərəm. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu gün şirkətin bölgələr departamenti ilə bağlı durum çox pisdir.

ANS TV-nın müxbir məntəqələrindəki vəziyyət şirkət prezidentinə düzgün olmayan tərzdə və sərf olunan şəkildə çatdırılır. Belə ki, bölgə müxbirlərinin maddı-texniki problemləri həmin departamentin rəhbər şəxsləri tərəfindən qulaqardına vurulur. Müxbirlər öz zəhmətlərinin haqqını ala bilməyəndə narazılıq yaranır. Bu o demək deyil ki, onlara verilən qonorar və maaş azdır. Normal səviyyədədir. Lakin onların müxtəlif rayon və kəndlərə sərf etdikləri yol və
benzin xərcləri bölgələr departamenti tərəfindən mühasibatlığa düzgün çatdırılmır. Nəticədə ayın sonunda onların, necə deyərlər, “pulları kəsilir”.

Mən ANS TV-də işlədiyim müddətdə bölgələr departamentində bir dəfə də olsun böyük
narazılıq olmayıb. Elə televiziya yaranandan şirkət prezidentinin bölgə müxbirlərinə qayğısı arzuolunan şəkildə olub. Ötən ilin son aylarında isə bu problem baş qaldırıb və bölgə müxbirlərinin hüquqları pozulub. Nəticədə isə bir neçə müxbir oranı tərk etməli olub.

Mənim 7 il ərzində ANS-də öyrəndiyim çox şey olub. ANS mənim üçün təkcə jurnalistika məktəbi olmadı, həm də həyat məktəbi oldu. Vahid və Seyfulla Mustafayevlər, Mirşahin Ağayevin sayəsində mənim nəzəri və təcrübi biliklərim daha da möhkəmlənib, mən əldə qələm tutmağın bir çox sirrlərini məhz onlardan öyrənmişəm.

2006-cı ildə mən ANS-in telejurnalistika akademiyasını bitirib ora işə qəbul olunmuşam. Müxtəlif dövrlərdə radioda və televiziyada bir çox verilişlərdə işləmişəm.

“İç xəbər” və “Xəbərçi” veriliçlərinin müxbiri, “Salam Azərbaycan” verilişinin redaktor-prodüseri, verilişin xəbərlər bölümünün aparıcısı olmuşam.

Ötən il öz xahişimlə oranı tərk etdim. Düzdür, mənə müəllimlik etmiş insanların təəssüfü ilə qarşlaşdım. Mənim indinin özündə də oranın rəhbərliyi ilə çox yaxşı münasibətim var. ANS-i tərk etmək oranı atıb getmək deyil, əslində bu bilikləri digər mətbu orqanlarda tətbiq etməkdir. ANS-i tərk edənlərin hamısı oranın digər mətbu orqanlardakı “səfirləri”dir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO