“İnternet KİV-lərin statusu ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var və bu aradan qaldırılmalıdır”. Bu barədə Modern.az-a “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri Xaqani Səfəroğlu bildirib.
Qurum rəhbərinin sözlərinə görə, son illər Azərbaycanda geniş vüsət almış onlayn media özü ilə bərabər bu sahədə bir sıra hüquqi prosedurların müəyyənləşməsini də gündəmə gətirib. “1999-cu ildə qəbul edilmiş Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 3-maddəsində internet KİV vasitələri sırasına daxil edilib. Amma ümumi ifadələrlə qeyd olunan “internet” məhfumu tam açılmayıb. Məlum olduğu kimi dünyada hazırda internet jurnalistikası, sosial media və bloqçuluq bir yerdə “yeni media” anlayışını ehtiva edir. Bu isə fərqli ölkələrdə ayrı status daşıyır. Bizim qanunda sadəcə bunun ümumi şəkildə “internet” olaraq yazılması müəyyən qarışıqlıq yaradır”-deyə X.Səfəroğlu bildirib. YMJ sədrinin sözlərinə görə, KİV haqqında qanunda “KİV məhsulları” anlayışı yalnız çap mətbu nəşrin bir nömrəsinin tirajı və teleradio proqramlarının yayımının tirajı kimi təsbit edilib. “Fikrimcə, internet saytlarının hər gün böyük oxucu kütləsinə təqdim etdikləri yenilənən xəbər lentləri, yazıları, müsahibələri və digər yayım formaları bura şamil edilməlidir. ” “Bu problem özünü “Məlumat azadlığı haqqında” da qanunda göstərir. Belə ki, qanunun “məlumat mənbələri” adlı 7-ci maddəsində göstərilir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumat mənbələri hesab edilirlər. Lakin bu maddə internet KİV-in yayımladığı məlumatların müvafiq qanunda göstərilən “KİV məhsulları” hesab edilib-edilməməsinə aydınlıq gətirmir”. X. Səfəroğlunun sözlərinə görə, adıçəkilən qanunun “Açıq məlumatın əldə edilməsi” adlı 9-cu maddəsində isə açıq informasiyaların əldə edilməsi yolları sırasında “internet informasiya ehtiyatları” sözü qeyd olunub. “Lakin eyni zamanda bunula yanaşı “KİV vasitələrinin yayılması ilə” sözü var. Çox guman ki, burada “internet” anlayışı KİV olaraq deyil, ayrı-ayrı qurumların rəsmi internet –məlumat bazasının səhifələri kimi qeyd olunub”. YMJ sədri bildirib ki, informasiya təminatını tənzimləyən qanunlar “internet bum”undan əvvəlki dövrlərdə qəbul olunublar və buna görə də yeni medianın stausunun bu baxımdan müzakirəsi labüdləşib.