“Polis tərəfindən qəzet satışına qadağalar qoyulması barədə məlumatların heç bir əsası yoxdur. Bəli, paytaxt polisi şəhər İcra Hakimiyyəti ilə birlikdə qanunsuz küçə ticarətinə qarşı müvafiq tədbirlər həyata keçirir və bu sırada primitiv qaydada kustar üsulla hazırlanmış rəflərin üzərində olan qəzet-jurnal satışının da qarşısının alınması həmin tədbirlərin tərkib hissəsidir”.
Bunu Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildirblər. İdarənin rəsmi məlumatına daha sonra qeyd edilib:
“Vətəndaşların küçə ticarətinin qarşısının alınması ilə bağlı çoxsaylı müraciətləri gündən-günə gözəlləşən şəhərimizin simasına xələl gətirən hər cür əldəqayırma satış nöqtələrinin yığışdırılmasını zəruri edir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Polis İdarəsi əhalinin haqlı narazılığına səbəb olan belə neqativ hallara qarşı tədbirləri mütəmadi olaraq davam etdirəcəkdir.
O ki, qaldı qanunsuz küçə ticarəti ilə məşğul olanların xüsusi icazə əsasında fəaliyyət göstərmələrinə, müxtəlif yollarla əldə edilən həmin sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilmişdir”.
Modern.az