Modern.az-ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı yazışı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylidir. “Yaxınlarda “Həyatın son günü” adlı bir dram əsəri yazmışam. Dekonstruktiv, postmodern bir əsərdir. Bir neçə rejissor əsərlərimi səhnəyə qoymaq istəyir. İki kiçik həcmli povest də yazmışam. Onları kitab şəkildə çap edəcəyəm. Hazırda “Qələm” nəşriyyatında 5 kitabım çapa hazırlanır. Biri “Azıx” romanıdır, dördü isə təkrar nəşrlərdir. “Metro vadisi”, “Balıq-adam”, “Tut ağacı boyunca” romanları da yenidən nəşr olunacaq. Bunlar payıza hazırlanacaq. Bir neçə dram əsərlərimi də təkrar nəşrə hazırlayıram. “Qələm” nəşriyyatı Qarabağ hekayələrimdən ibarət “Ağ-Qara“ kitabını çap etdi. İndi başqa hekayələrimdən ibarət iki cild kitabı da çap etməyə çalışır“.