Son günlər Azərbaycan mediasında kriminal xəbərlərin çəkisi artıb. Ölüm halları və zorlama kimi hadisələrin yer aldığı xəbərlər isə daha çox yayımlanır. Bu tip xəbərlərdə diqqəti çəkən əsas məqamlardan biri isə baş vermiş hadisələrdə adların, məkanların, yerlərin tam olaraq açıqlanmasıdır. Jurnalist peşəkarlığı və etikası baxımından burada adlar və məkanlar gizli saxlanılmalıdır. Amma Azərbaycan mediası bu tip xəbərləri daha çox yaymaqla yanaşı, hadisələrin iştirakçıları və onların yaşadıqları yerləri açıq-aşkar göstərir.
Məsələn, dünən bu tip xəbərlərin yayılmasında maraqlı olan saytların manşetinə çıxarılan bir xəbərdə Göyçay rayonunda qayınatanın gəlinini zorlamasından bəhs olunmuşdu. Saytların tirajladığı bi xəbərdə hadisənin baş verdiyi kəndin adı, ailənin soyadı bötöv göstərilmiş, mətndə konkret ad çəkilmişdi. Bir sözlə, söhbətin hansı rayonun hansı kəndində kimdən bəhs olunduğu açıq-aydın bəlli idi.
Modern.az məsələ ilə bağlı millət vəkili və media nümayəndələrindən münasibət öyrənib.
Millət vəkili Jalə Əliyeva bildirib ki, etik baxımdan təcavüzə uğrayanların adlarının tam olaraq mətbuatda dərc edilməsi yolverilməzdir. “Nəzərə alaq ki, bu insanların hər birinin ailəsi, çevrəsi, tanıdıqları insanlar var. Onsuz da başına böyük bəla gəlib, problemə düçar olub, onu bu şəkildə cəmiyyətə təqdim etmək, əlbəttə doğru deyil. Məsələnin digər tərəfi isə bu kimi hadisələrin həddən artıq qabardılması və diqqətə çatdırılmasıdır. Doğrudur, baş verən hər hansı hadisədən cəmiyyət məlumatlandırılmalıdır. Eyni zamanda bu məlumat bir az da cəmiyyətdə yanlış istiqamətə yönlənməyin qarşısını almağa xidmət etməlidir. Elə təsəvvür yaranır ki, Azərbaycanda ailələr ancaq dağılmaq və maraq üçün qurulur, qız küçəyə çıxdısa mütləq ona təcavüz olunmalıdır. Belə informasiyalarla yanaşı, onların yanında bir-iki tərbiyələndirici xəbərlər də verilməlidir ki, balans qorunmuş olsun”.
J. Əliyeva bildirib ki, mənfi bir hadisəni həddindən artıq şişirdib insanlara çatdırmaq cəmiyyətdə bir inamsızlıq yaradır. “Buna görə də belə mövzular işıqlandırılarkən daha diqqətli olmaq lazımdır”.
Media eksperti Zeynal Məmmədli qeyd edib ki, burada əsas peşəkarlıq rol oynayır. “Bir məlumatı verirsənsə, bu məlumatın əsas yükünü çatdırmalısan. Burada özəl həyat məqamlarını əks etdirən məlumatları o vaxt verə bilərsən ki, bunlarsız o xəbəri anlamaq mümkün olmasın. Mən də çox narahatam ki, bizim mediada ünvanlar çox açıq verilir. Bəlkə, o insan istəmir harada qaldığı tam açıqlığı ilə göstərilsin? Lap adam özü istəsə belə, sən bu informasiyanı verməklə nə demək istəyirsən? Buna yalnız o vaxt icazə verilir ki, sən dərc etməsən məlumat anlaşıqlı olmur. Yalnız bu hallarda informasiya dəqiq verilməlidir ki, bu da çox nadir hallardır”.
Z.Məmmədli bildirib ki, “belə xəbərlərin açıq-aşkar verilməsi qeyri-peşəkarlıqdır, peşəkarlığın pozulmasıdır ki, bu da son vaxtlar təəssüf ki, baş alıb gedir”.
“Musavat.com” saytının redaktoru Xalid Kazımlı da bildirib ki, təcavüz, zorlama xarakterli yazıların açıq-aşkar verilməsi qətiyyən düzgün deyil. “Bu, nəinki bir adama, hətta bir ailəyə, nəslə, kəndə problem yarada bilər. Qanunla hətta məhkəmə tərəfindən məhkum edilməmiş, araşdırılmamış cinayət işlərində adları keçən şəxslərin ad-soyadı bütöv yazılmamalıdır. Bəlkə, onlar iftiraya, böhtana məruz qalıblar (bu kimi hallar çox olur), nəyə görə ömrü boyu etmədikləri cinayətin, qəbahətin töhmətini daşımalıdırlar. Məsələn, bu gün (dünən – red.) saytlarda belə bir xəbər gördüm, bir gəlin qayınatası tərəfindən zorlandığını iddia edib. Olduqca şübhəli məsələdir. Güman ki, ortada bir boşanma təşəbbüsü var. Gəlin qisas almaq məqsədilə bu iftiranı ata bilər. Hər halda istisna deyil. Amma bu xəbər tirajlanır və nəinki bir kənddə, rayonda, eləcə də bütöv bir ölkədə rüsvayçı söz-söhbətlərə səbəb olur. Ona görə də media insanların həyatını puç etməkdən çəkinməlidir”.
“Gündəlik Teleqraf” qəzetinin kriminal yazarı Hacı Zeynalov bildirib ki, özü də bu tip xəbərlər yazmasına baxmayaraq, cinayətin ağırlığını nəzərə alaraq adı hallanan şəxslərin məxfiliyini qoruyur. “Yeni cinayətdə adı keçən şəxslərin ad və soy adlarının baş həriflərini göstərirəm. Yaşadığı yer və ya ünvanın göstərilməsi tam qeyd olunmur. Əgər ünvan dəqiqliyi ilə qorunursa, bu, etik qaydalara ziddir. Əgər bir ailədə bir nəfər zorlama cinayət törədibsə, bunu ailənin bütün üzvlərini günahkar hesab etmək düzgün deyil. Cinayəti törədən şəxslərin ailə üzvləri var.
Rayonun adının qeyd olunması həmin rayon üçün problem deyil. Çünki bu tip cinayətlər tez-tez baş verir. O rayon olmasın ki, həmin rayonda zorakılıq cinayəti baş verməsin. Cinayəti törədən şəxsə qarşı zərərə gəlincə isə, o, artıq cinayəti törədib, onun da zərərini görür. Çünki Cinayət Məcəlləsində bu tip cinayətləri törədən şəxsləri ağır cəzalar gözləyir. Ümumiyyətlə, həmin cinayət üzrə məhkum olunan şəxslərin həbsxanada da acınacaqlı vəziyyət gözləyir”.