Mətbuat Şurasının IV qurultayında jurnalistin informasiya toplama metodlarına yeni təkliflər irəli sürülüb. Belə ki, səsləndirilən təklifdə, ictimai əhəmiyyətli informasiyaların toplanmasında gizli səsyazma və çəkilişlərin istifadəsi variantı üzərində təkid edilib.
Modern.az-a açıqlamasında media eksperti, hüquqşünas Ələsgər Məmmədli irəli sürülən təklifin KİV haqqında qanuna zidd olmadığını bildirib. “İnformasiya ilə bağlı qanunvericilikdə çox aydın müddəa var. Şəxsi həyata aid informasiyanın toplanması yolverilməzdir”, – deyən media mütəxəssisi qeyd edib ki, məlumat şəxsi həyata aid deyilsə, ictimai əhəmiyyət daşıyırsa, jurnalist istənilən həmin tip informasiyaları toplaya bilər. “Məsələn, rüşvətə dair informasiyaları gizli yolla əldə etmək olar. Yaxud böyük sövdələşmə nəticəsində dövlət tenderini bir başqasına onun layiq olmadığı təqdirdə verilirsə, jurnalist bu cür hüquq pozuntularını ifşa etmək məqsədilə gizli metodlarla məlumat əldə edə bilər”.
“Əgər kimsə jurnalistin toplayıb yaydığı məlumatdan narazıdırsa, həmin şəxslər sübut etməlidir ki, müvafiq informasiya ictimai əhəmiyyətli deyil. Jurnalist üçün isə hər hansı əsaslandırma şərt deyil”, – deyə Ə. Məmmədli əlavə edib.