“İyulun 12-də jurnalistlərin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının yeni İdarə Heyəti və Nizamnamədə dəyişiklər olacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib, O, deyib ki, nizamnamədəki dəyişiklər internet medianın da Mətbuat Şurasının səlahiyyətinə daxil olması və internet mediadan Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilməsi ilə bağlıdır.
“Qurultayda bu məsələlər müzakirə olunacaq. Hesab edirəm ki, yeni, onlayn media artıq formalaşmaqdadır. Buna görə də onlar Mətbuat Şurasında təmsil olunmalıdır”.
R. Məcid qeyd edib ki, hazırda Mətbuat Şurası jurnalistlərə həm məktublar, həm də İdarə Heyətinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı sorğu göndərib. “Mən öz həmkarlarımdan və jurnalistlərdən xahiş edərdim ki, bu siyahıda, yeni medianın da nümayəndələrini dəstəkləsinlər. Mətbuat Şurasının İdarə Heyətində görmək istədiyim yeni media nümayəndələrindən iki nəfərin adını çəkirəm və onları bütün həmkarlarımı dəstəkləməyə çağırıram. Bunlar Modern.az saytının rəhbəri Elşad Eyvazlı və Publika.az saytının rəhbəri Aynur Camalqızıdır. Həm Elşad Eyvazlı və Modern.az-ın fəaliyyəti, həm də Publika.az-ın fəaliyyəti onu deməyə əsas verir ki, bu iki yeni medianın nümayəndələri Mətbuat Şurasının İdarə Heyətində internet medianın nümayəndələri kimi təmsil olunmağa layiqdirlər. Fikrimcə, jurnalistlər onların namizədlərini irəli sürəcək və Qurultay nümayəndələri də bu iki nəfərin namizədliyini dəstəkləyərək Mətbuat Şurasının İdarə Heyətinə üzv seçəcəklər”.