İsrailin Azərbaycandakı səfirliyi hazırda həbsdə olan jurnalist, “Azadxeber.orq” saytının baş redaktoru Nicat Əliyevin səfirlikdə döyülməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Modern.az saytı səfirliyin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa cəhd edib.
Daha sonra diplomatik nümayəndəliyin təhlükəsizlik xidməti ilə təmas qurmaq mümkün olub. Səfirliyin təhlükəsizlik xidmətindən Modern.az-a bildirilib ki, jurnalist Nicat Əliyevin döyülməsi xəbəri doğru deyil. “Belə bir hadisə olmayıb və ola da bilməz. Bu yalnış məlumatdır”-deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadxeber.orq” saytının baş redaktoru Nicat Əliyevin işi üzrə proses olub. Vəkil Anar Qasımlı bildirib ki, hüquqlarını müdafiə etdiyi Nicat Əliyev Yasamal Rayon Polis İdarəsində və rayonun 27-ci polis bölməsində vəhşicəsinə döyülüb, işgəncəyə məruz qalıb. “Hətta onu İsrail səfirliyinə aparıblar. Səfirliyin bir nümayəndəsi “Bin Laden budurmu?” deyə rişxənd edib, onu döyməyə başlayıb”.