6000 yaşı olan buğda

Xəbər verdiyimiz kimi, Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsinin icrasına start verib.
Layihənin əsas məqsədi işğal altında olan maddi-mədəni irsimizin dərindən öyrənilməsi, Qarabağ muzeylərindəki maddi-mədəniyyət eksponatlarının siyahılaşdırılması, əldə olunacaq faktlar əsasında hazırlanacaq nəşrlər və keçiriləcək sərgi vasitəsilə işğal nəticəsində dəymiş maddi-mənəvi ziyanın ölkə gəncliyinə, dünya xalqlarına, eləcə də konfliktin həlli ilə məşğul olan beynəlxalq təşkilatların diqqətinə çatdırılmasıdır.

İlkin olaraq fondun daxili imkanları hesabına 2011-ci ildən başlanan layihə çərçivəsində Ağdamın Quzanlı qəsəbəsində əldə edilmiş materiallar əsasında sərginin keçirilməsi və “Qarabağ muzeyləri” ensiklopedik-məlumat kitabının nəşri nəzərdə tutulub.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəyi KarabakhİNFO.com e-jurnalına məxsusdur.

Fondun icraçı direktoru Vüqar Tofiqli ilə bu məsuliyyətli işin həyata keçirilməsi haqqında söhbətləşdik.

– Təxmini dəqiqləşdirmələrimizə görə işğal altında olan rayonlarda fəaliyyət göstərmiş 26 muzeydə 60-70 mindən çox eksponat birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilib. Məqsəd işğal altında qalan maddi-mədəni irsimizin saxlancı olmuş muzeylər haqqında məlumatları hərtərəfli dəqiqləşdirmək və ictimaiyyətə çatdırmaqdır. Bununla yanaşı, toplanmış materialların bir neçə dilə tərcümə olunub yayılması da erməni işğalının miqyasını beynəlxalq auditoriyaya çatdırmağa imkan verəcək. Artıq elmi mənbələrin axtarışına başlanıb, muzey rəhbərlərinə rəsmi fəaliyyət, işğal ərəfəsindəki vəziyyət, işğaldan sonrakı fəaliyyət barəsində məlumatların, fotoşəkillərin fonda təqdim edilməsi üçün müraciətlər göndərilib. Həmçinin görüşlər keçirilib, rəsmi strukturlara müraciətlər ünvanlanıb.

– Neçə muzey işğal altındadır və bu muzeylər haqqında məlumatlar rəsmiləşdirilibmi?

– Təşkilatımızın bu istiqamətdə əvvəllər də QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə vəsaiti ilə apardığı araşdırmaları nəticəsində məlum olub ki, bu eksponatların saxlanma forması o qədər də qənaətbəxş sayıla bilməz. Bundan əlavə, işğaldan əvvəlki illərdə muzeylərdə mövcud olmuş eksponatların siyahısı tərtib edilməmiş, dəymiş ziyanın həcmi müəyyən edilməmiş, o cümlədən lazımı səviyyədə tədqiqat və araşdırmalar aparılmayıb. Məhz bunun nəticəsidir ki, mənbələr azlıq təşkil edir. Yəni muzeylərin sayı 16-dan 22-dək dəyişir, eksponat fondunun həcmi isə 40 min-100 min arası göstərilir. İlkin araşdırmalar təsdiqləyir ki, əsl rəqəmlər bundan qat-qat artıqdır. Son eldə etdiyimiz nəticələrə görə işğal altında 31 muzey vardır. Bunlardan 14-ü tarix diyarşünaslıq muzeyidir, digərləri isə xatirə və ev muzeyləri, həmçinin rəsm qalereyalarıdır.

– Sizcə nəyə görə indiyə gədər belə bir layihə hazırlanmayıb və bu muzeylər haqqında dəqiq məlumatlar yoxdur? Yəni dövlət muzeyləridirsə onlar haqqında da dəqiq rəsmi məlumatlar olmalı idi.

– Mən də istərdim ki, iş aparılsın amma təəsüf ki, belə bir layihə yox idi. Biz də çalışacağıq bu sahədə boşluqları aradan qaldıraq. O ki, qaldı dəqiq rəsmi məlumatların olmamasına, yəqin ona görə ki, 1982-ci ildə MK nın qərarına görə muzeylər idarəsi yaradılıb. Və yalnız bundan sonra kütləvi şəkildə tarix diyarşünaslıq muzeyləri yaradılmağa başlayır. Amma sonra da 1988-ci ildən də məlum problemlər ortaya çıxır.

O zamanlar informasiya kommunikasiya texnologiyalari indiki kimi inkişaf etməmişdi. Digər tərəfdən siyahılaşma aparılmayıb. Amma bu gün artıq o məlumatlar müəyyan mənada mərkəzləşib. Mədəniyyət və Turizm nazirliyi də artıq bu sahədə müəyyən işlər görüb. Bilirsiniz, mən həmişə demişəm ki, Azərbaycanın torpaqlarının 20 % işğal olunubsa mədəni irsi 35 % işğal olunub. Məsələn, biz Azıx mağarasını necə bərpa edə bilərik? Yəni belə itkilərimiz çoxdur və biz də çalışırıq gələcək nəsilləri ən azı məlumatlandırmaq üçün müəyyən işlər görək.

– Hansısa muzeyin eksponatları tam şəkildə xilas edilə bilinib?

– Yalnız Cəbrayıl və Füzuli rayonlarının tarix – diyarşünaslıq muzeylərinə məxsus eksponat fondu tam şəkildə paytaxt Bakıya gətirilərək Muzey mərkəzinə təhvil verilib. Ağdam çörək muzeyi kimi unikal muzeydən (qeyd edim ki, elə bir muzeydən dünyada yalnız 2-si mövcuddur), 1 dənə 6000 yaşı olan buğda dənəsi çıxarılıb. İndi Azərbaycan tarixinin, qədim mədəniyyətinin, incəsənətinin rəmzi sayılan həmin eksponatlar haqqında məlumatların indiki və gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması kimi çox mühüm addımların atılması günün vacib tələbi olaraq qarşımızda durur və ölkəmizin ziyalı potensialını ciddi şəkildə narahat edir. Əlaqədar dövlət və özəl qurumlarının Qarabağ muzeylərinə, eksponatlarına diqqətini yönəltmək baxımından da bu layihənin əhəmiyyəti böyükdür. Bu da həmin muzeylərin qorunması istiqamətində yeniliklərə, müvafiq addımların atılacağına səbəb olacaqdır. Eyni zamanda biz əldə etdiyimiz fotoşəkillər və sənədlərdən ibarət sərgi təşkil edəcəyik. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, Ağdərə (Mardakert), Xocavənd (Martuni və Hadrut), Xocalı (Əsgəran və Yaloba), Xankəndi (Stepanakert) şəhərlərində muzeylərin fəaliyyət göstərməsi rəsmi qurumların cavab məktublarında öz təsdiqini tapıb. Yəni o ərazilər də Azərbaycan torpaqlarıdır və orda fəaliyyət göstərən muzeylərdə bizim tarixi əks etdirən önəmli materiallar vardı.

– “Qarabağ muzeyləri” nə zaman işıq üzü görəcək?

– Hazırda muzey fonduna daxil olan eksponatların sayının dəqiqləşdirilməsi prosesi gedir. Paralel olaraq yığılmış materialların redaktəsi işini də həyata keçiririk. İstəyimiz odur ki, hər hansı bir məlumat kənarda qalmasın. Qarabağ muzeyləri barədə faktların təhlil olunaraq media vasitəsilə ictimailəşdirilməsi baxımından dünya ölkələrinin, beynəlxalq təşkilatların diqqətinin bu prizmadan da ölkəmizin bir nömrəli probleminin – Qarabağ konfliktinin həllinə yönəldilməsində öz rolunu oynayacaq.

Sentyabırın 15-i layihə başa çatır və o zaman da kitab hazır olacaq.

Ülviyyə Bəylərqızı

KarabakhİNFO.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO