AMŞ Bakının mərkəzində keçirilən icazəsiz aksiyada monitorinq aparıb

Azərbaycan Mətbuat Şurası (AMŞ) bu gün Bakının mərkəzində – Fəvvarələr meydanında keçirilmiş icazəsiz aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparıb.

SalamNews-un məlumatına görə, AMŞ-nin Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində «PRESS» yazılmış xüsusi göcəkçələrdə olduqlarını müəyyənləşdirib. Onlara qarşı hər hansı təzyiq faktı qeydə alınmayıb. Bununla əlaqədar qrupun üzvlərinə də müraciət daxil olmayıb.

AMŞ-nin monitorinq qrupu eyni zamanda xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyanın içərisində yer aldıqlarını müşahidə edib. Monitorinq qrupunun üzvləri bu adamlara hərəkətlərinin jurnalistika prinsiplərinə zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışdıqları ilə bağlı sualı cavablandırmaqdan yayınaraq aksiya yerindən uzaqlaşıb.
Azərbaycan Mətbuat Şurası bir daha kütləvi aksiyaları işıqlandıran jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdən istifadəni, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı tövsiyə edir.
Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və ədalətli informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO