Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, milyonlarla insanın taleyində əks olunub. 1992-ci və 1993-cü illərin hərbi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv ediblər. Əhaliyə vurulmuş mənəvi – psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəyib.
Xalıqımız XX əsrin ən faciəli hadisələrindən biri olan Xacali soyqırımını heç zaman unutmayacaq. Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə yerlə yeksan edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər qoca, qadın və uşaqlar isə əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı. BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir.
Bu azmış kimi ermənipərəct qüvvələrin təhriki və maddi və mənəvi dəstəyi ilə bir sıra mətbu orqanlarda, elektron informasiya vasitələrində Azərbaycana qarşı iftira, böhtan və yalanla dolu kampaniya davam edir. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq “əzabkeş erməni milləti” obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar. Bununla yanaşı news.am, armtoday.info, panarmenian.net və bu kimi yüzlərlə saytlarında ölkəmizə qarşı təxribatlar, informasiya müharibəsi aparılır. Belə saytlarda Azərbaycan dövlət adamları təhqir edilir, Azərbaycan barədə bilərəkdən dəyişdirilmiş ensiklopedik məlumatlar yerləşdirilir.
Bizim məqsədimiz Azərbaycan həqitələrinin təbliği işinə gənc nəslin cəlb edilməsidir. Artıq son illərdə bunun qarşısını almaq üçün erməni saxtakarlığının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin fəaliyyəti daha da güclənib, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter alıb. Təqdirəlayiq
haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Azərbaycan dövləti tərəfindən prinsipiallıqla davam etdirilir. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır. Ümid edirik ki, Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir.
Məqalə “Uşaq və Gənclərin Xeyriyyə Fondunun Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.