İqtisadi İnkişaf Nazirliyi Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə KİV nümayəndələri arasında “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsi elan edib.
Nazirlikdən SalamNews-a verilən məlumata görə, müsabiqə şərtlərinə əsasən təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin (sənaye, energetika, infrastruktur, kənd təsərrüfatı və s.) inkişafı üçün gördüyü işlər öz əksini tapmalıdır. Materialların çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalənin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə aprelin 20-dək İqtisadi İnkişaf Nazirliyinə, elektron forması isə “[email protected]” poçt ünvanına təqdim edilməlidir.
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq. Bir I yer üçün 1 000 manat, iki II yer üçün 800 manat, üç III yer üçün 600 manat, 4 həvəsləndirici mükafatçının hər biri üçün 400 manat mükafat nəzərdə tutulub.