Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) jurnalist Elmar Hüseynovun qətli ilə bağlı tədbir keçirilib.
SalamNews-un məlumatına görə, tədbir giriş sözü ilə açan RATİ rəhbəri Emin Hüseynov jurnalist E.Hüseynovun qətlinin 8 il keçməsinə baxmayaraq qətlin araşdırılmaması, mediaya olan təzyiqlər, seçki ilində medianın hazırki vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycanda mətbuat sahəsində problemlərdən danışıb.
“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev isə son günlər qəzetə qarşı çıxarılan məhkəmə qərarlarından danışaraq bunları təzyiq kimi qiymətləndirib.
Tanınmış media eksperti Qulu Məhərrəmov bildirib ki, son vaxtlar Azərbaycan mətbuat azadlığı sahəsində geriləməyə başlayıb. Bu kimi hallar günü-gündən çoxalır. Cəmiyyətə obyektiv informasiyalar lazımdır.
Ekspert Ələsgər Məmmədli isə 2005-ci ilin martında qətlə yetirilən jurnalist Elmar Hüseynovun ölümündən danışaraq, 8 il keçməsinə baxmayaraq, hələ də qətlin araşdırılması istiqamətində heç bir ciddi addım atmadığını bildirib.
Sonda mövzu ilə bağlı yerli və beynəlxalq ictimaiyyətə bəyanat yayılması qərara alınıb.