27 fevral 2013-cü il, Bakı. Amerikanın Corc Marşall Fondunun maliyyə dəstəyi ilə Ermənistanın Cənubi Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi (CQSTM) və Bakı Jurnalistika Məktəbi (BJM) birgə “Sülh quruculuğu təşəbbüsləri jurnalist yazılarında” layihəsini həyata keçiriblər. Layihə çərçivəsində hər iki ölkədən seçilmiş 10 jurnalist (5 azərbaycanlı və 5 erməni) öncə öz ölkələrində üç günlük təlimlər keçiblər, daha sonra tərəflər Gürcüstanda görüşərək, birgə hazırlanacaq mövzularla bağlı müzakirələr aparıblar.
Birgə işlənəcək mövzular müəyyənləşsə də, layihənin gedişində məlum olub ki, işin çətinliyi həm də ümumi dil tapmaq məharətindən asılıdır. Buna görə də beş cütlükdən yalnız Elxan Şahinoğlu və Alla Manvelyan iki imza ilə vahıd mətn – “Sülhməramlığın siyasəti və iqtisadiyyatı” – məqaləsini yazmağı bacarıblar. Qalan dörd cütlük eyni mövzunu ayrılıqda işləyib.
Beləliklə, Aytən Fərhadova “Xalq düşmənləri kimdir?”, Knarik Xudoyan isə “Ermənistan və Azərbaycanda dövlətə kimlər xəyanət edir?” başlıqlı araşdırmalar apararaq, hər iki dövlətdə ittihamların eyni meyarlar əsasında irəli sürüldüyünü müəyyənləşdiriblər.
Kərim Kərimli “Köçürülmə”, noyemberyanlı Voskan Sarqsyan isə “Sovet hökumətinin canı suludur: qaçqın dəyiş-düyüşü” adlı məqalələr təqdim ediblər.
Aynur Elgünəş “Qarabağ münaqişəsi və KİV” məqaləsini, Avetis Babacanyan isə “Araqarışdıranlar” yazısını eyni mövzuda, sovet KİV-nin münaqişə alovlanan vaxt həyata keçirdiyi məkrli və qeyri-peşəkar fəaliyyətinə həsr ediblər.
Yuriy Manvelyan adi bir Yerevan taksi sürücüsünün surətini “Peşəsi – Ermənistan vətəndaşı” məqaləsində canlandırıb. Eyni mövzunu Nicat Məlikov “Müsəlman Dyadya Mişa” yazısında işləyib.
Hazırlanmış məqalələr var.az və southcaucasus.com saytlarında işıqlandırılıb.
BJM-in direktoru Zərdüşt Əlizadənin sözlərinə görə, belə müştərək jurnalist araşdırması təcrübəsi ilk dəfə tətbiq olunduğundan onu böyük uğur saymaq mümkündür: “ Bundan əvvəl erməni və azərbaycanlı alimlər birgə kitablar yazmışlar. Onlar, təəssüf ki, çox məhdud dairədə yayılmışdı. Bu, birgə araşdırmaların mümkün qədər geniş yayılması və ictimai müzakirə obyektinə çevrilməsi layihə iştirakçılarının qarşısında duran növbəti vacib vəzifədir. Bu yazıların ictimailəşməsi sülh işinə şəksiz töhfə verə bilər”.