Televiziya və radiodan onun əvəzolunmaz səsini çox eşitsək də, üzünü az görmüşük. Modern.az saytı Azərbaycan Dövlət Radiosunun ali dərəcəli diktoru, Əməkdar artist, öz sənətinin professionalı Eldost Bayramla müsahibəni təqdim edir.
– Öncə bu günki fəlaiyyətinizdən danışaq. Hər zaman radiodan səsini eşitdiyimiz Eldost Bayram hazırda nə işlə məşğuldur?
– Səsyazma studiyalarının birində akademik Vasif Məmmədəliyevin tərcümə etdiyi “Qurani-Kərim”in səsyazmasını etmişik. Çox əziyyətli, amma şərəfli bir iş idi, 4 il yarma başa gəldi və o disk hələ satışa buraxılmayıb. Hazırda biz həmin diski Youtube-da yerləşdiririk. Ümumiyyətlə, mənə məsləhət gördülər ki, bütün yaradıcılığımı intertnetdə yerləşdirim, disk, kaset bunlar etibarsızdır.
Viktor Hüqonun belə bir sözü var: “50 yaşıma qədər mən adıma qulluq etdim ki, 50 yaşımdan sonra adım mənə qulluq etsin”. Mən indi həmin hissləri keçirirəm, həm adım mənə qulluq edir, həm də mən adıma qulluq edirəm.
Özüm öz səsimə qulaq asanda baxıram ki, adi səsdir. Amma eyni zamanda mikrofon o adi səsə nəsə əlavə edir. Hiss edirəm ki, oxuduğum materiallar insanların qəlbinin sarı siminə toxunur. Hazırda Azərbaycan radiosunda “Xalq yaradıcılığı” redaksiyasının verilişlərini və bədii materialları oxuyuram. Məsələn, radioda “Qərib axşamlar”, İlmə”, “Ocaq başı”, Xeyrə qənşər”, “El havası”, “Söz dünyamız” və başqa verilişlərin, “Mədəniyyət” telekanalında isə “Qala nağılı”, “Nurdan damlalar”, “Qobustan”, “Yurd yeri” və s. verilişlərin mətnini oxuyuram.
İşdən əlavə də müxtəlif studiyalarda səsyazmalar olur. İndiyə qədər bir neçə şairin şeirlərini oxumuşam. Bunlardan əlavə isə artıq Youtube-da mənim səhifəmə köçürülən “Quranın möcüzələri” video, köçürülməkdə olan “Qurani-Kərim”in audio yazılışını etmişəm. Həmçinin uzun illərdir Azərbaycan Gözdən Əlilər Cəmiyyətinin səsyazma studiyasında onlar üçün bədii əsərlər oxumuşam və indi də oxuyuram.
Həyat davam edir. 2009-cu ildən yaşımla əlaqədar pensiyaya çıxsam da Səhmdar Cəmiyyətimizin hörmətli sədri Arif Alışanov məni işdə saxladı, bununla da mənə ikinci nəfəs, yeni ruh bəxş etdi. Buna görə də ona çox minnətdaram.
– Necə oldu ki, diktorluğa gəldiniz?
– Uşaq vaxtımda məşhur diktorumuz Aydın Qaradağlının səsini dinləyib, belə qərara gəldim ki, mən də onun kimi diktor olum. Xöşbəxtəm ki, istəyimə nail oldum. Aydın Qaradağlı bütün professional diktorların mənəvi atası idi. Amma bizim hamımızı bilvasitə diktor edən, mən işə girəndə artıq 27 il baş diktor işləyən Ramiz Mustafayevdir. Bəxtim onda gətirib ki, mən Aydın Qaradağlı, Ramiz Mustafayev, Fatma Cabarova, Züleyxa Hacıyeva, Yusif Muxtarov, Sabir Ələsgərov, Əli Məhəmmədoğlu kimi hərəsi bir məktəb olan şəxsiyyətlərlə bir yerdə işləyib, onlardan öyrənmişəm. Hazırda bunun bəhrəsini görürəm.
– Qeyd etdiniz ki, bu sənətin vurğunu olmusunuz, amma niyə Tarix fakultəsinə oxumağa getdiniz?
– 1947-ci ildə Kürdəmir rayonun Çöl-Ərəb kəndində anadan olmuşam. Orta məktəbi Kürdəmir rayonunda bitirmişəm, 1964-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmaq istədim. Amma birinci imtahandan kəsildim. Rayona gedib bir il istehsalatda işlədim. Sonra sənədlərimi APİ-yə verdim və Tarix fakültəsinə daxil oldum. Müəllimlik çox şərəfli peşədir, amma mənim müəllim olmaq fikrim yox idi, diktor olmaq istəyirdim. Mənə diplom lazım idi, çünki ali savad olmasa, diktorluğa qəbul etmirdilər.
– Bəs universiteti bitirdiyiniz il rayona gedib, niyə müəllim işlədiniz?
– Atamın bir oğlu idim. Qurtarandan sonra təyinatımı Kürdəmirə vermək istəyirdilər, yalvardım ki, verməyin. Yüz faiz bildirdim ki, getsəm Bakıya qayıda bilməyəcəm, diktor olmaq həvəsindən belə addım atmışdım. Təyinatımı Ağsuya verdilər. İlxıçı kəndində bir-iki ay müəllim işlədim, sonra əsgərliyə getdim, Moskvada qulluq etdim. Əsgərlik bitdikən sonra sənədlərimi göndərmək istəyəndə dedim ki, Bakının Oktyabr rayonuna göndərsinlər. İki aylıq fasilədən sonra Qaqarin adına pionerlər sarayında işə düzəldim. Bunların hamısı mənim üçün trampilin oldu.
Çoxdan diktorluğa gedərdim, özü də televiziyaya. Sadəcə olaraq dostlarımdan biri məni çaşdırdı. Dedi ki, televiziyada Azərbaycan dilindən əlavə, rus dilində də gərək dialektsiz danışasan. Bu məni qorxuzdu, rayondan gəlmişdim və təbii ki, ləhcəm var idi. Ona görə radioaya getdim. Və sonra başa düşdüm ki, düzgün hərəkət etmişəm. Çünki radio bir məktəb idi. Orada işə düzəlməyim isə başqa məsələdir.
– Maraqlıdır, bəs bu necə oldu?
– O zaman elə bilirdim ki, Aydın Qaradağlı baş diktordur. Buraxılış vəsiqəsi yazıldıqdan sonra radioya getdim. Qapını döydüm, stolun arxasında balacaboy, xoş siftəli bir kişi əyləşmişdi. Onda öyrəndim ki, baş diktor Ramiz Mustafayevdir. Ona diktor olmaq üçün gəldiyimi bildirdim, o da mənimlə söhbətə başladı, suallar verdi, cavablandırdım. Onda dedi ki, “yaxşı, gəl gedək səsini mikrofanda da dinləyim”. Onda bildim ki, o səsimi yoxlamaq üçün məni danışığa çəkirmiş. Səsimi bəyəndi, müsabiqədən də keçdim və 1972-ci il aprel ayının 1-dən diktor-təcrübəçi kimi fəaliyyətə başladım.
Bu sənəti o qədər sevirdim və öyrənmək həvəsim o qədər çox idi ki, xəbər oxumağa gedəndə təcrübəli diktorlardan xahiş edirdim ki, mənə qulaq asın və gələndə səhvlərimi deyin. Çoxlu mütaliə edirdim. Diktorluq sənəti çoxlu mütaliə və geniş savad tələb edirdi. Bu mənada Azərbaycan radiosu mənim üçün böyük universitet oldu. Bütün bunların bəhrəsini illərdir ki, görürəm.
Bu yaxınlarda ailəvi dostumun xahişi ilə bir şənlikdə iştirak edərkən mənə söz verdilər və məni “uzun illər bizə Azərbaycan dilində danışmağı öyrədən sənətkar” kimi təqdim etdilər. Çox şərəfli təqdimatdır, məsuliyyəti son dərəcə böyükdür. Ömrünün sonuna qədər o təqdimatın məsuliyyətini daşıyacam.
– Sonradan radioda işlədiyiniz zamanda yenidən televiziya getmək istəmisiniz?
– İstədim, amma məhz dialekt problemi orada da mənə mane oldu. Televiyaya getməməyimə peşman deyiləm, çünki onsuz da uzun illərdir, televiziyada kadr arxasında müxtəlif verilişlərin mətnlərini oxuyuram. Digər problem isə “Azərcell”in reklamında qarşıma çıxdı. Bu şirkətin ilk reklamının sözlərini mən demişdim. Bu reklamdan sonra onlar mənə zəng etdilər ki, bəs “Eldost müəllim biz sizin üçün bilet alırıq, yer və mnehmanxana ilə də təmin edirik, siz İstanbula gedib, 3 gün qalıb o reklamı orada oxuyub qayıtmalısınız”. Sevinmişdim, amma rus dili problemi orda da qarşıma çıxdı.
Aydın Qaradağlı ilə bir dəfə oturub söhbət edirdik. Soruşdum ki, “Aydın müəllim məndən diktor olacaq?” Dedi ki, “əgər mənim izimdən çıxsan olacaq. Öz izin, öz yolun olsun. Atalar deyib ki, izlə gedənin izi qalmaz”. Bu mənə çox təsir etdi, çünki onu təkrar edirdim.Sonradan yavaş-yavaş dəyişdim. İndi mənim öz yolum, öz oxu tərzim var.
– Necə fikirləşirsiniz, özümüzdən sonra bir məktəb qoyub gedirsiniz?
– Bilavasitə davamçılarım yoxdur. Amma hesab edirəm ki, Azərbaycan radiosuna qulaq asan, dilimizi sevən hər bir dinləyici mənim davamçımdır.
– Onda belə deyə bilərik ki, Azərbaycanda diktorluq məktəbi ölüb?
– Ölməyib, formasını dəyişib. Sadəcə olaraq məni yandıran bircə şey var. Həmişə demişəm və yenə də deyirəm, neftimiz, qazımız da nə vaxtsa qurtaracaq. Azərbaycanın ən böyük var-dövləti, sərvəti onun dilidir. Bizim vəzifəmiz o dili göz bəbəyi kimi qorumaq və təbliğ etməkdir.
– Bu gün televziya və radiolarının dilini necə qiymətləndirirsiniz?
– İstəmirəm desinlər ki, Eldost müəllim heç nəyi bəyənmir. Bəzən mənə bəzi kanalların aparıcılarının Azərbaycan dilinə bərbad münasibəti barədə şikayət edirlər. Onların içərisində istedadlı aparıcılar çoxdur. Qalanlarına qaldıqda, sadəcə olaraq ciddi mütəxəssis münasibəti və nəzarət lazımdır.
– Geridə elə bir insan qoyursunuzmu ki, o sizin yolu davam etdirsin və Azərbaycan dilini insanlara sevdirsin?
– Müasir vaxtda beləsi yoxdur. Yeni diktorlar, aparıcılar gəlir, səsləri olan da var. Amma bizim vaxtımızdakı kimi deyil.
– Bu həvəsin olmamasından irəli gəlir ya necə?
– Deyə bilmərəm. Azərbaycan radiosunda elə insanlar işləyib ki, diktorluq sənətini sevib, yəni bura pul qazanmaq xatirinə gəlməyib. Aza qane olub, amma çox şey vermək istəyən insanlar olub.
– Amma deyək ki, bu gün bazar iqtisadiyyatında altürüstlərə yer yoxdur.
– Təbii ki, yoxdur. Bu sənətdə ancaq onun vurğunu olan və ona pul qazanmaq mənbəyi kimi baxmayan insanlar işləyə bilər. Necəki bizim müəllimlərimiz uzun illər işləyib və biz işləyirik. Mənə qaldıqda heç vaxt bu sənətin maddi cəhətini fikirləşməmişəm. Məni yaşadan oxuduğum bədii materialların daxilinə nüfuz edəndə keçirdiyim əvəzolunmaz hisslərdir. Mən o hissləri heç nə ilə dəyişməzdim.
– Bəs dublyajda iştirak etmisiniz?
– Dublyajda yox. 1969-cu ildə universitetin axırıncı kursunda oxuyanda qarşımda iki perspektiv açıldı. Biri xarici dil kursuna gedib, hər hansı dili öyrənmək, digəri isə dahi rejissorumuz Ədil İsgəndərovun Kinostudiyanın nəzdində açdığı kinoaktyorluq kursunda oxumaq. İkincini seçdim və bir il orada təhsil aldım. 1969-cu ildən kinostudiya ilə əməkdaşlıq edirəm. Amma dublyaj məndə heç cürə alınmırdı. Sinxron olurdu, gözümün qarşısında korifey sənətkarların filmləri necə dublyaj etdiyini görürdüm. Amma sinxron dublyaj məndə heç cürə alınmadı. Nəticədə “Azərbaycanfilm” kinostudiyasında sənədli filmlərin diktor mətnini oxumaq üzrə ixtisaslaşdım.
– Bir az ailəniz barədə danışaq.
– Bir qızım, bir oğlum və 4 nəvəm var.
– Ailədə sizin yolunuzu davam etdirən var?
– Övladlarım içərisində yoxdur. Oğlumun səsi bir az mənim səsimə oxşayır, amma tamam başqa sahədə işləyir. Amma qızım birinci peşəmi davam etdirir, yəni müəllimədir. Nəvələrim hələ balacadır. Qızmın da, oğlumun da böyük uşaqları hələ ikinci sinfə gedir.
– Evin tək övladı olmusunuz. Bizdə adət var ki, tək övlad valideyinlərinin yanında qalmalıdır. O zaman sizin bu seçim necə qarşılandı?
– Bu sənətin xatirinə elə qurbanlar vermişəm ki… Anamı görməmişəm, bibilərim məni saxlayıb. Atama da o vaxtı müharibədə əsir düşdüyünə görə, 25 ilə yaxın iş vermişdilər. Onu 8 il görməmişəm, o qayıdanda 9 yaşım var idi. Həyatım çox çətin olub. Özüm tək olmuşam, ona görə istəmirəm ki, nəvələrim də tək olsun.
– Hər bir kəs iş prosesində maraqlı situasiyalara düşür. Yəqin siz də belə şeylər yaşamısınız. Bir-ikisini danışa bilərsiniz.
– Efirdə əsasən səhvlər olurdu. İki dəfə səhv etmişəm. Bir dəfə sözü demişdim, çox biədəb çıxmışdı. Onda televiziyanın foyesində Səmədər Rzayev məni görüb demişdi ki, “o nədir əəə, ha-ha-ha”.
İkinci dəfə isə 1979-cu ildə İranda baş verən inqilab haqqında danışan zaman olub.
Dilimizə o vaxtı kommunist sözü o qədər yapışmışdı ki, partiya deyəndə kommunist deyirdik. O yazının içərisində bir kommunist sözü işlətdim, söhbət İrandan gedir. Kobud hərəkət etdim, dayandım, yatanları da oyatdım, sonra davam etməyə başladım. Gərək cümləni saxlayıb təzədən oxuyaydım. Bəxtim gətirdi ki, onda məzuniyyətdə idim və töhmət verməyə ixtiyarları yox idi. Buna görə televiziyanın binasında foyedə yazmışdılar ki, “Eldost Bayram filan səhvi etdiyinə görə nəzərinə çatdırılsın”.
– Gənclərə nələr nəsihət edərdiniz?
– Birdən-birə avropalı olmayaq, birdən-birə qərbli olmayaq, amerikan olmayaq. Necə ki, islam dini özündən əvvəlki bütün dinlərin nektarlarını toplayıb əvəzolunmaz, insanpərvər din olub, biz də Avropanın yaxşı cəhətlərini götürək. Bu şərtlə ki özümüzünkünə toxunmayaq. Hər xalqın siması olmalıdır. Düzdür, böyük korifeylərimiz var, Azərbaycan xalqı dünyada ən qədim və sayılıb seçilən xalqlardan biridir. Amma gərək özümüzü tanıdaq, bilinsin ki, mikrofon qarşısında azərbaycanlıdır. Birinci növbədə dilin düzgünlüyünə riayət edək.
Sən etalanson, bu ənənəni davam etdirirsən, çıxıb efirdə ağzına gələni danışmaq olmaz. Hansı mövzuda danışmağından asılı olmayaraq, istər radio, istər televiziya, sənin milli simam bilinməlidir. Mən cavanlara bunu arzulayıram. Yaxşıları çoxdur, amma ağ edənləri də çoxdur. Bəzən adi insanların küçədə etdikləri söhbətləri gətirib efirə çıxarır və onu müzakirə edirlər.
Qalmaqal verilişləri isə adamın başından tüstü çıxardır. Olmaz axı, bu efirdir, normal psixikamı sən niyə pozursan, mənim öz problemim azdır, sən də birini yükləyirsən? Azərbaycana belə şeylər yaraşmır, bununla mən avropalı oldum, reytinq qazandım? Buna görə bunlar olmasa, daha yaxşıdır.