“Qanun” nəşriyyatı rus nəsrinin böyük simalarından olan Vladimir Nabokovun “Lolita əsərini nəşr edib. Modern.az xəbər verir ki, kitabın annotasiyasında qeyd olunur: “Böyük sənət əsərləri hər zaman orijinallığı ilə seçilir; onların mahiyyəti insanı sarsıtmalı, təəccübləndirməli, hətta şoka salmalıdır. Humbert Humberti tərifləməyə heç bir əsas yoxdur. Şübhəsiz ki, o iyrənc və alçaqdır, əxlaqsızlığa ən parlaq misaldır. Ancaq onda azğınlıq və yüngüllük çulğaşaraq şiddətli əzablara səbəb olur, onun bəzi duyğularını cəlbedici edir. Onun qəribəlikləri, əlbəttə, çətin həzm olunur. Amerika təbiəti və sakinləri barədə dedikləri gülməlidir. Etiraflarındakı səmimiyyət və doğruluq onu heç də iblisanə hərəkətlərinin məsuliyyətindən azad etmir. Ancaq onun inləyən kamanı bizdə Lolitaya qarşı incə mərhəmət oyadır, müəllifə nifrətimizə baxmayaraq, kitabdan ayrıla bilmirik!
Tərbiyəsiz qız uşağı, başı özünə qarışmış ana və ehtiraslarının əsiri olan manyak yalnız bu əsərin parlaq qəhrəmanları deyil; onlar həm də bizə təhlükəli meyillər barədə xəbərdarlıq edir, mümkün bəlaları göstərirlər. «Lolita» bizim hamımızı – valideynləri, müəllimləri, bütün yetkin insanları ayıq-sayıq olmağa, etibarlı mühit yaratmağa və sağlam nəsil yetişdirməyə sövq etməlidir”.
“Lolita”nı rus dilindən çevirən Nadir Qocabəylidir.