“Söz Azadlığını Müdafiə Fondu” (SAMF) 2011-ci ilin noyabr ayında küçə reklamlarında Azərbaycan dilinin qorunması ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlamaq üçün “Küçə reklamlarında dövlət dilinin qorunması: real vəziyyət, problemlər və həlli yolları” mövzusunda tədbir keçirib. Bugünkü tədbirdə Milli Məclis üzvləri, ziyalılar, dövlət orqanlarının təmsilçiləri, KİV nümayəndələri və digər sahələri əhatə edən şəxslər iştirak edib.
Fondun sədri, şair Musa Yaqub deyib ki, Azərbaycan dilinin küçə reklamlarındakı acınacaqlı vəziyyətə dair problemin aradan qaldırılması üçün dövlət dəstəyi ilə yanaşı, hər bir vətəndaşın da köməyinə ehtiyac var
SAMF-ın icraçı direktoru Vüqar Tofiqli monitorinqin nəticələri barədə məlumat verib: “Monitorinq Bakı şəhərinin mərkəzi hissəsini əhatə edən 25 mərkəzi küçə və prospektlərdə mövcud olan 875 xidmət obyektini əhatə edib. Bu xidmət obyektləri paytaxtın dörd – Binəqədi, Nərimanov, Nəsimi və Səbail rayonlarında fəaliyyət göstərir.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, reklam xarakterli lövhələrin ümumilikdə 63 %-i ingilis dili (bu rəqəm 2010-cu ildə 27% olub), 14 %-i rus dilində, 12%-i türk dilində (bu rəqəm 2010-cu ildə 11% təşkil edirdi), 6%-i Azərbaycan dilində (2010-cu ildə bu rəqəm 62%-idi), 3 %-i digər dillərdə olan sözlərdən istifadə olunub. Qalan 2% sözün isə hər hansı məna daşıdığını müəyyən etmək mümkün olmayıb. Digərlərinin sırasına italyan, fransız, yapon və çin dilində olan sözlər aid olub. Azərbaycan dilində olmayan reklam lövhələrindəki sözlərin hamısı, yəni 94%-i latın qrafikasında olmaqla ingilis dilində yazılmışdı”.
V.Tofiqli deyib ki, reklamların yazılışı zamanı dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Amma bu vacib prinsipin tələbləri bir sıra parametrlərinə görə pozulub.
““Mllion alıx roz”, “Malışok”, “Blessing” “Başmaçok” mağazalar şəbəkəsi, “Çudo Peçka”, “Drujba”, “Romaşka”, “Xozyauşka”, “Lidor kamin”, “Woman Life”, “Bon Apetit”,“Home kredit”, “Lakomka”, “Parus”, “Mebel showroom”,”“Skazka”, “Merkez Lahmacun”, “İnce Göl” kimi ingilis qrafikasında yazılmış bu tipli yüzlərcə reklam adlarına Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrində rast gəlmək olar”.
Daha sonra çıxış edən SAMF-ın Layihə koordinatoru Nəzirməmməd Quliyev bu sahə üzrə dövlət orqanları ilə yazışmalar və beynəlxalq təcrübə haqqında tədbir iştirakçılarına məlumat verib.
“Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli sərəncamına əsasən, sahibkarlıq subyektlərinin fəaliyyətinin “Bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı Vergilər Nazirliyinə həvalə edilib. Bu problemə münasibətlərini soruşduğumuz nazirlik rəsmiləri isə cavab məktubunda yalnız “əvvəlki illərdən fərqli olaraq hüquqi şəxslərin “Bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatı zamanı qeydiyyat orqanları tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq kommersiya hüquqi şəxslərin adının təkrarolunmazlığının qorunması təmin edilir” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunun 11.3-cü maddəsində firma adlarının qorunması haqqında qanunvericiliyin tələbinin pozulması hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınmasından imtina olunması əsaslarından biri kimi göstərilmişdir” yazmaqla məsələyə münasibətlərini sərgiləyiblər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin müdiri Mir Yaqub Seyidovun fondumuza ünvanladığı cavab məktubunun sonuncu abzasında isə qanunla hərtərəfli aydın olan bu məsələyə yarımçıq münasibət ancaq acı təəssüf doğurur. Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi cavab məktubunda reklam və elanlarda dövlət dilinin tələblərinin pozulmasının məsuliyyətinin birmənalı şəkildə qeydiyyat orqanlarının və sahibkarların üzərində olduğu qeyd edilir”.
SAMF layihə çərçivəsində xarici ölkələrdəki analoji durumların da bir çoxunu araşdırıb. Məlum olub ki, 1919-cu ildə Türkiyə Respublikası yaradılarkən dövlət dili kimi türkcə elan olunur. Dilin qorunmasına nəzarət Türkiyə Respublikası Baş Nazirliyinə tapşırılır. Bundan əlavə əsası Mustafa Kamal Atatürkün təlimatıyla 1932-ci ildə qoyulan Türk Dili Qurumu (TDQ) yaradılıb. Təsis olunduğu ilk gündən qurumun üzvləri daim millət vəkilləri, ədəbiyyatçılar və alimlər olub.
“Keçmiş SSRİ respublikalarından olan, indiki müstəqil Litva dövlətinin də yaratdığı qurum diqqəti çəkəndir. Litvanın dövlət dili haqqında qanununun 25-ci maddədə dilin qorunmasına nəzarətin əsil konturları öz əksini tapır. Məlum olur ki, qanunla Litva dilinin qorunmasını həyata keçirəcək qurum – “Litva Dili Üzrə Dövlət Komissiyası Müfəttişliyi” fəaliyyət göstərir. Bu müfəttişlik adından da göründüyü kimi, litva dilinin bütün səviyyələrdə qorunmasına nəzarəti tənzimləyir”.
Gənclərin dövlət dilinə münasibəti haqqında isə SAMF əməkdaşı, yazar Zaur Qəriboğlu danışıb.
“Görüş keçirib, sorğu apardığımız müxtəlif sahələri təmsil edən gənclərin təklifi oldu ki, Azərbaycan dövlət dilinin qorunması üçün orta məktəblərdən şagirdlərə ideoloji, maarifləndirmə yönündə dərslər keçib, tədbirlər təşkil etmək, Azərbaycan Dövlət Dilinin qorunmasında hamılıqla iştirak etmək lazımdı”.
Tədbirin sonunda Azərbaycan Respublikası Milli Məclisinə müraciət qəbul edilib.