“Keçirilən aksiyalarda jurnalist bitərəf olmalı, prosesi kənardan izləməlidir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2012-ci il üzrə hesabatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Ə.Amaşov bildirib ki, aksiyalarda jurnalistlərin fəaliyyəti məsələsi daim gündəmdə olub və burada hər hansı problemin yaranmaması üçün Mətbuat Şurası bir sıra addımlar atır. Onun sözlərinə görə, kütləvi aksiyalardan reportaj hazırlayan müxbirlər kənarda dayanmalı, xüsusi gödəkcə geyinməlidirlər: “Jurnalist peşə fəaliyyətini yerinə yetirərkən kütləvi tədbirlərdə şüar səsləndirməməlidir. Bu məsələyə dair ATƏT-lə birgə tədbirin keçirilməsi də nəzərdə tutulub”.
Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası aksiyalarda jurnalistlərin fiziki maneələrlə rastlaşmaması istiqamətində də ciddi fəaliyyət göstərir: “Əvvəllər belə hadisələr baş versə də, bu gün belə hallar kəskin azalıb. Son hadisələr göstərir ki, əyinlərində jurnalist gödəkcəsi olanlara təzyiq halları demək olar ki, olmur”.
Mətbuat Şurasının sədri onu da bildirib ki, polis jurnalistlərin aksiya zamanı fəaliyyətinə maneə ola bilməz: “Əgər belə hallar baş verərsə, bununla bağlı qurum zəruri addımlarını atır”.