“Sərhədsiz Reportyorlar” təşkilatı dünya ölkələrində mətbuat azadlığı indeksini göstərən hesabatını açıqlayıb. Modern.az-ın məlumatına görə, Azərbaycan 179 ölkə arasında 156-cı yerdədir.
Təşkilat Belarus və Azərbaycanda müxalifətin demokratiya uğrunda hərəkatının repressiyalara məruz qaldığını qeyd edərək, bu ölkələrin siyahıda aşağı yerləri tutduğunu bildirir.
Mətbuat azadlıqlarına ən çox hörmət edilən ölkələr isə keçən ilki kimi birinci yerlərdə olan Finlandiya, Niderland və Norveçdir. Dünya ölkələrində azad mətbuatın vəziyyətinin ən pis olduğu üç ölkə, Türkmənistan, Şimali Koreya və Eritreyadır.
Mətbuat azadlığı indeksi siyahısında vətəndaş azadlıqlarına imkan verməyən diktatura rejimlərinin mövcud olduğu bu ölkələr 179 ölkə arasında son üç yeri tutur. Azərbaycana qonşu olan ölkələrdən Ermənistan 74, İran 174, Gürcüstan 100, Türkiyə 154, Rusiya 148-ci yerdədir.
Təşkilat “Ərəb baharı” ölkələrində xalq hərəkatlarını və orada gedən proseslərin builki hesabatın hazırlanmasına təsiri olduğunu bildirib.