Ədəbi çevrədə belə bir deyim var: “Müharibə haqda ən yaxşı əsərlər müharibə bitdikdən sonra yazılır”. Savaşa cəlb olunmuş Azərbaycanda Qarabağ mövzusunda çoxsaylı əsərlər yazılıb. Onlar da məlum deyimi təsdiqləyirmi? Yoxsa müharibə mövzusunda yazılan əsərlər indinin özündə də ədəbi-estetik baxımdan yüksək səviyyədədir?
Modern.az yazarlara bu sualla müraciət edib.
Vaqif Yusifli (filologiya elmləri doktoru, ədəbi tənqidçi): “Poeziyada bu sahədə şablonçuluq hökm sürür. O ki qaldı nəsrə, bütün müharibələr, o cümlədən Böyük Vətən müharibəsi, 1812-ci il Rusiya-Fransa müharibəsi isbatlayıb ki, tarixi həqiqətin bədii həqiqətə çevrilməsi üçün müəyyən zaman kəsiyi lazımdır. Bu mövzuda əsər tez də yazıla bilər, gec də. Tez yazılanda tarixi həqiqətləri daha dolğun, gec yazılanda isə daha çox ümumiləşmiş olur. Azərbaycan nəsrində bu mövzuda müəyyən addımlar atılır. Aqil Abbasın “Qaçqın çadırlarında Üzeyir Hacıbəyovlar doğula bilməz” povesti və “Dolu “ romanı, Hüseynbala Mirələmovun “Dağlarda asılan güllə” romanı, Elçin Hüseynbəylinin “Gözümə gün düşür” hekayəsi və “Əsirlər” povesti və s. göstərə bilərik. Amma ümumilikdə 1988-ci ildən bu yana baş verənləri, müharibəni tam, dolğun şəkildə heç bir əsərdə görmürəm”.
Qulu Ağsəs (“Ulduz” jurnalının baş redaktor müavini, şair): “Düşük poetika, yersiz vətənpərvərlik, ucuz ritorika bu mövzuda yazılan əsərlərə xasdır. Bu cür əsərlər bu günə qədər heç kimi ruhlandırmayıb. Bu əsərlər bir qarış işğal altında olan torpağı azad etməyib. Əvəzində ədəbiyyatın ərazilərini işğal edib. Bu cür mövzularla ədəbiyyata gəlib Yazıçılar Birliyinin üzvü olan xeyli adamlar var. Qarabağ barədə yazılan əsərlər öncə ədəbiyyatın, sonra isə Qarabağın, vətənin meyarlarına cavab verməlidir. Amma Qarabağ mövzusunda yazılanlar ədəbiyyat meyarlarına cavab vermir. Azsaylı nümunələr var ki, mən onları ədəbiyyat hadisəsi hesab edirəm. Aqil Abbasın “Dolu “ romanı, Əjdər Olun qolunu itirmiş əsgərlə bağlı yazdığı şeir mənim çox xoşuma gəlir. Orda artıq-əskik heç nə yoxdur. Bəziləri adamın boynuna güclə qəhrəmanlığı qoyur. Elçin Hüseynbəylinin “Gözümə gün düşür” hekayəsi, Təranə Vahidin hekayələri çox xoşuma gəlir. Nə qədər təvazökarlıqdan uzaq olsa da, yazdığım “Müharibə əlili” şeirimi də bunların sırasında görürəm”.
Qan Tural (“Kulis.az” saytının baş redaktoru, yazıçı): “Yazıçılar qınanır ki, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda əsərlər yazılmır. Amma baxıb görürük ki, bu mövzularda yazılmış ədəbiyyat nümunələri digər mövzuda yazılanlardan əhəmiyyətli dərəcədə çoxdur. Lakin bu əsərlərin əksəriyyətini ədəbiyyat aləmində nüfuzu və qabiliyyəti olmayan adamlar tərəfindən yazılır. İki-üç səhifəni vərəqləyərkən hiss olunur ki, bu əsərləri eyni xüsusiyyət birləşdirir. Yəni ilk növbədə humanist yanaşma çatışmır, həddindən artıq pafos, ermənilərin birmənalı şəkildə əclaflığı, Azərbaycanlıların isə ancaq məsumluğu əks olunur. Müharibələrə aparan sosial səbəblər və ictimai nəticələr açılmır. Bunlar qəhrəmanlıq haqqında dastanları xatırladır. Amma nisbətən xoşagələn əsərlərin adlarını da çəkməliyik. Aqil Abbasın “Dolu” romanı Şoloxovun, Remarkın və digərlərinin əsərləri səviyyəsində olmasa da, Azərbaycan üçün hadisədir. Poeziya və dramaturgiyanı isə mütəmadi olaraq izləmədiyimdən bu yöndə konkret fikir deyə bilmərəm”.
Qismət (şair): “90-cı illərdən bu tərəfə Qarabağ mövzusunda yazılan əsərlərdə həddən artıq plakatçılıq, şüarçılıq var. Ağrı-acıdan qismən də olsa, uzaqlaşıb düşüncəli şəkildə məsələnin praktik yönünü ifadə edən məsələlərə toxunmaq lazımdır. Aqressiv şüarçılıq ifadə edən əsərlər bədii cəhətdən o qədər də yüksək keyfiyyətə malik deyil. Amma bəzi yaxşı nümunələr də var. Şərif Ağayarın yazdığı hekayələr və son romanını buna misal göstərmək olar. Aqil Abbasın “Dolu” romanı da çox maraqlıdır. Poeziyaya gəldikdə isə sual verilirkən adı həmən ağla gələcək bir əsər yoxdur”.