Təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Görüş zamanı nazir xalqlarımızın daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini nəzərə çatdırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi bu quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib. Qonaq hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb və bu baxımdan təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib.
Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı, həmçinin ortaq tarix və ədəbiyyat dərsliklərin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Universitetlərarası əlaqələrin inkişafı barədə fikirlərini bildirən baş katib tədris proqramlarının uyğun hazırlanması, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılması məsələlərinin əhəmiyyətinə diqqət çəkib. Baş katib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin müvafiq mütəxəssislərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyib, müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib.
Təhsil naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlığımızın inkişafı üçün konkret müddəaların müəyyənləşdirilməsinin daha səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirib. Nazir Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini nəzərə çatdırıb.
Türkdilli ölkələrin universitetləri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunan təhsil naziri birgə konfransların təşkilinin mümkünlüyünü söyləyib. Ali məktəblərin tədris proqramlarının uyğunluğu və diplomların tanınması məsələsinin əhəmiyyətini qeyd edən nazir ilk növbədə müvafiq mütəxəssislər arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. M. Mərdanov, həmçinin türkdilli ölkələrin ortaq təhsil telekanalının yaradılmasının gərəkli olduğunu vurğulayıb.
Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.