Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2012-ci ildə sosial durumlarının öyrənilməsi üzrə apardığı araşdırmaların nəticələri media nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Modern.az İttifaqın sədri Müşfiq Ələsgərlinin apardığı araşdırmaların nəticələri ilə bağlı baş redaktorlardan münasibət öyrənməyə çalışıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, bu monitorinqin nəticələri reallığı əks etdirir.
“Orada qeyd edilən problemlər var və heç kim bundan xali deyil. Əməkdaşlığa cəlb edilən, ştatda işləyən işçilərimiz də var. Mətbuata yardımlar edilir, amma mətbuat özü gəlirli sahəyə çevrilməyincə, bu problemlər çözülməyəcək. Bu sahədə konseptual addımlar atılmalı, maddi-texniki problemlər həll edilməlidir ki, vəziyyət yaxşılaşsın. Büdcə təşkilatları istisna olmaqla bütün müəssisələrdə eyni vəziyyətdir. Bunu inzibati metodlarla aradan qaldırmaq mümkün deyil, belə olan təqdirdə bütün mətbuat bata bilər. Mətbuatın yayım dairələrini və qazanclarını artırmaq lazımdır ki, o da əməkdaşlarına yetərli əmək haqqı versin.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı qeyd edib ki, əmək müqaviləsinin bağlanmaması təzə məsələ deyil, 15-20 ildir ki, bu problem mövcuddur.
“Məvaciblərin az olması isə mürəkkəb məsələdir. Qəzet, media müstəqildirsə, onu bizim şəraitmizdə özünü dolandırmağı qeyri-mümkünüdür. Media strukturlarının əksəriyyəti kiminsə tərəfindən maliyyələşdirilir və burada işləyənlərin böyük əksəriyyəti hesab edirəm ki, yaxşı maaş alır. Əgər almırsa, o zaman işçilər çıxsın, onun-bunun əlinin altında işləməyi bəsdir daha. Tibbi sığorta mələsini isə jurnalist özü etməlidir. Və orada elə bir məbləğ qoyulubdur ki, bunu bizim camaatın ödəməsi mümkün deyil. Minimal məbləğ 300 manatdır. Xarici şirkətlər gəlirləri yüksək olduğu üçün bunu özü edə bilər, amma az məbləğdə qazanan işçilərin tibbi sığorta etməsi mümkün deyil”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, nəticələrdən xəbəri yoxdur.
“Qeyd edilənlərə gəlincə, bizdə hər bir kəslə əmək müqaviləsi imzalanıb, Əmək Məcəlləsinə uyğun addımlar atılıb. Başqa redaksiyaları deyə bilmərəm, amma bizim redaksiyada əmək müqaviləsinin imzalanması simvolik deyil”.