Əflatun Amaşov
Mətbuat Şurasının sədri
Son zamanlar Azərbaycanda mediaya dövlət dəstəyi müstəvisində meydana çıxmış və ayrı-ayrı qəzetlərə ünvanlanmış əks mülahizələrlə bağlı düşüncələrimi bölüşməzdən öncə Remarkın bir fikrini xatırlatmaq istərdim. Görkəmli mütəfəkkir deyirdi ki, pul insan xarakterini korlayır. Stivenson bir qədər də sərt formada adamların pul üçün azadlıqlarını xərclədiklərini vurğulamışdı. Əslində pulla bağlı deyimləri sadalamaqla bitməz və müxtəlif ictimai-siyasi formasiyaların məhsulu kimi meydana çıxan kəlamlar pulun mahiyyətinə dəyər baxımından nə qədər tutarlı sayılsalar da, mütləq deyillər. O anlamda ki, pul çox şeydir, hər şey deyil.
Elə anlaşılmasın ki, ölkəmizdə mediaya dövlət dəstəyi ilə bağlı başlanılmış prosesi müdafiə etmək niyyətindəyəm. Nə müdafiəyə ehtiyac görürəm, nə də kiminsə baxışının qeyri-məqbulluğundan söz açacam. Sadəcə mediamızın ağır durumuna bu və ya digər dərəcədə təsir göstərmək üçün dövlət dəstəyinin alternativsizliyini düşünən və mövcud istiqamətdə təşəbbüslər irəli sürən biri kimi bəzi mətləblərə aydınlıq gətirəcəm.
Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin göstərilməsi ənənəyə çevrilib. «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Kəsəsi, tutalım, söhbət pul verilməsindən gedir. …ki, KİV-lərimiz ictimaiyyətin maraqlarını, daha doğrusu dövlətin ictimaiyyətə xidmət baxımından seçdiyi prioritetləri qarşılamaq üçün ayaqda qala bilsinlər. Elə buradanca dövlət-media oxunun bir növ, hədəfi müəyyənləşir. İstərdim ki, məsələ ilə bağlı fikir bildirənlər obyektivlik üçün öncə bu məqama diqqət yetirsinlər – Konsepsiya ilə KİV-ə dəstək göstərmək marağı ətraflı, konkret və detallı şəkildə ortaya qoyulur. Sənəddə bildirilir ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruriləşdirir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təminatı xüsusi əhəmiyyət kəsb edir. Buna görə də KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyinin göstərilməsi müasir dövrümüzün tələbinə çevrilib.
Göründüyü kimi, məsələyə kompleks baxış mövcuddur. Yəni, pul xidmət üçün verilir. Xidmət isə ictimai əhəmiyyət daşımaqla həm dövlətə, həm də mediaya eyni dərəcədə lazımdır. Söhbət təkcə pul verilməsindən getsəydi, Konsepsiya qəbul olunmazdan və KİVDF yaradılmazdan öncə də bu iş həyata keçirilirdi. Deməli, ayrıca sənədin ortaya çıxması və qurumun formalaşması əlahiddə mərama hesablanmış strategiyadır. Prinsipial baxımdan qeyd edilməli məqam həmin strategiyanın hansı metodlarla həyata keçirilməsidir. Mövcud xüsusda kimsə iradını, narazılığını bildirsə, təklifini səsləndirsə, zənnimcə, ümumi işə, alternativsizliyi dəfələrlə isbatlanmış prosesə fayda vermiş olar.
«Güclü media, güclü dövlət deməkdir» formulunu «media IV hakimiyyətdir» formulu ilə qarşılaşdıraq. Totalitar Sovetlər Birliyi dönəmində mətbuata, onun fəaliyyət dairəsinə münasibətdə formalaşan ənənəni, habelə güclü dövlət hakimiyyətinin mətbu prinsipləri arxa plana atmasını yada salaraq bəlkə bir çoxlarımız düşünürük ki, dövlət medianı klassik hakimiyyət formaları sırasında möhkəmlənəcək qədər gücləndirərmi? Mülahizələr də səslənir ki, güclü medianın mövcudluğu dövlətə alət kimi sərfəlidir. Axı, medianın ictimai rəyi yönləndirmək, onu müxtəlif şəklə salmaq imkanları var və dövlət bundan yararlanmaqla istək və məramını həyata keçirə bilər. Əlbəttə, bu baxışların əksəriyyəti dövlətin politoloji ədəbiyyatlarda qeyd edilən funksiyalarına bəzən zidd olaraq da meydana çıxır və onların qayəsində bir çox ölkələrin idarəçilik sistemindəki arzuolunmaz praktikaya əsaslanma dayanır. Hər halda tarix göstərir ki, belə nəzəriyyələr də həmin sistemlərin təkmilləşməsində, həmçinin vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsində az rol oynamayıb, nəticə etibarilə inkişafa gətirib.
Zaman keçdikcə bu inkişaf xüsusiyyətlərini dəyişib. Mətbuatın da istər fəaliyyətində, istərsə də strukturunda buna uyğun fərqliliklər yaranıb. Hazırkı məqamda elektron media ilə rəqabət və jurnalistikanın daha çox kommersiya sahəsinə çevrilməsi mərhələsi start götürüb. Azərbaycandan fərqli olaraq bu proses və onunla əlaqədar digər məziyyətlər ABŞ-da, eləcə də Qərb ölkələrində olduqca tez başlanıb və artıq yekunlaşıb. KİV-lərə dövlət dəstəyinin göstərilməsi də həmçinin. Qərbdə dövlətin mətbuata dəstək göstərməsinin hansı səbəbdən zəruriliyini dərk edir və düzgün qiymətləndirirlər. Məsələyə aydınlıq gətirmək üçün bir neçə məqama diqqət yetirmək vacibdir.
Əvvəla, dünya miqyasında ötən əsrin 60-cı illərindən başlayaraq gündəlik qəzetlərin tirajları düşməyə başlayıb. Ümumiyyətlə, gündəlik nəşrlərin sayları da azalmağa doğru gedib. Hətta Avropanın oxucularının çoxunun gündəlik qəzetlərə meyl göstərdiyi ənənəvi qəzet ölkələrində abunəçilərin sayı məhdudlaşıb və ya tam durğun vəziyyətə düşüb. Qəzet oxumağın orta davamlılığında da geriləmələr var. Təkcə Böyük Britaniyada qəzetlərin tirajlarında düşmələr artıq neçə onillikdir ki, müşahidə olunmaqdadır. Ölkə gənclərinin böyük qismi qəzet oxumağa ehtiyac duymur, orta məktəbi bitirən dörd məzundan biri isə qəzet oxumaqda çətinlik çəkir.
Əlbəttə, mövcud vəziyyətin yaranmasında rəqabət amilinin böyük rolu var. Məsələ burasındadır ki, dərin rəqabət müstəvisində müəyyən qəzetlərin bazarda dominant mövqeyə yiyələnməsi digərlərinin onlarla hər hansı mübarizə aparmasını mümkünsüzləşdirir və tədricən ikincilər sıradan çıxır. Təbii, həmin nəşrlərlə birgə auditoriyalarında seyrəlmələr yaranır ki, nəticə etibarilə sevimli qəzetini itirmiş oxucu başqasına meyl göstərmir. Təsəvvür edin ki, vaxtilə oxucu tapmaqda problem yaşamayan, reklamın böyük bazara malik olduğu Nyu-York kimi şəhərdə 1990-cı ildən başlayaraq özünü doğruldan qəzetlərin sayı cəmi dörd olub. Hazırkı dövrdə Nyu-York bazarında yalnız bir gündəlik qəzetin – «Nyu-York tayms»ın hegemonğulundan söhbət gedir. Kommersiya reklamlarının və reklam gəlirlərinin əsas hissəsi məhz bu nəşrdə cəmləşir.
Başqa bir fakta diqqət yetirək: 1930-cu ildə İngiltərədə 500-dən artıq irili-xırdalı şəhərdə bir-biri ilə rəqabət apara bilən qəzetlər çıxırdı. İndi belə şəhərlərin sayı 30-a çatmır. Ölkənin digər yerlərində isə yerli qəzet bazarını yalnız biri təmsil edir. Onu da demək lazımdır ki, Avropada regional bölmələri olan qəzetlərin sayında da azalmalar var. Bahalı komputerlərin və çap texnologiyasının geniş yayılması yerli qəzetlərin böhranını gücləndirib.
Növbəti cəhət kimi siyasi partiya böhranlarının təsirini qeyd etməliyik. Çünki ancaq siyasi rəqabət müstəvisində özünü doğruldan və siyasi prosesləri işıqlandırmaqla ömür sürən nəşrlər maddi cəhətdən daha üstünlərinə uduzublar. Bu isə partiya mətbuatının tənəzzülünə gətirib. Ümumiyyətlə İkinci Dünya Müharibəsindən sonrakı dövrdə televiziyanın və digər kommersiyalaşmış KİV-lərin təsiri Avropada nüfuzlu partiya mətbuatının sıradan çıxmasında müstəsna rol oynayıb.
Ötən əsrin 90-cı illərində daha çox yüksəktirajlı partiya qəzetlərinin çıxdığı Qərbi Almaniyada öz gündəlik mətbu orqanını yalnız Demokratik Sosializm Partiyası saxlaya bildi. Digər partiyalar isə bundan məhrum oldular. Onlar ya nəşrlərini bağladılar, ya da satdılar. Onu da deyək ki, illər ərzində hegemon rol oynamış demokratik sosilistlər belə digər nüfuzlu mətbu orqanlarının varlığını qorumaqda çətinliklər yaşadı.
Nəticədə XX əsrin sonundan başlayaraq gündəlik mətbuatın plüralist xarakterinin qorunması problemi kəskin qoyulmağa başlayır. Əvvəl televiziya, indi isə internetlə rəqabət fonunda mövcud cəhət onun reklam bazası əldə etməsi və yaşaması baxımından mühüm amil kimi dəyərləndirilir. Qeyri-kommersiya xarakterli və gəlirsiz KİV-lərin sıradan çıxması vətəndaşları ölkənin daxili və xarici ilə bağlı xəbərlərdən, ictimai əhəmiyyətli informasiyalardan məhrum edir. Bu isə cəmiyyətdə və informasiya mühitində plüralizmin azalmasına, insanların müxtəlif yönlü, alternativ informasiya mənbələri əldə etmək hüququna zərbə kimi qiymətləndirilir. Siyasi və gəlirsiz media orqanlarının «ölümü» cəmiyyətdə medianın «dördüncü hakimiyyət» rolunu şübhə altına alır, belə demək mümkünsə, ideyalar bazarında cəmiyyətin demokratik tələbatları, özünü ifadə vasitələri ödənilməmiş qalır. Nəhayət, qəzetlərin iflası məsələsi demokratik dəyərlərin sıradan çıxması kimi assosiasiya olunaraq qlobal səciyyə daşımağa başlayır.
Əslində bütün bunlar dünya ictimaiyyətini ötən əsrin 60-70-ci illərindən düşündürməyə başlayıb. Hələ 1978-ci ildə Avropa Şurası Parlament Assambleyasında qəzetlərə subsidiya verilməsinin təminatına kömək göstərilməsinin vacibliyi vurğulanıb. Avropa Birliyi ölkələrində problemi aradan qaldırmaq və mətbuatın dözümlülüyünü təmin etmək məqsədilə proteksionist siyasətin yürüdülməsi nəzərdə tutulub ki, burada da mətbuat orqanlarına və mətbəələrə maddi dotasiyaların verilməsi, poçt, teleqraf, vergi, kömrük və digər imtiyazların tətbiqi başlıca tədbir kimi irəli sürülüb.
Təbii ki, mövcud siyasət ardıcıl və uzun müddətli xarakter aldığı zaman müsbət nəticələr əldə olundu. Məsələn, indinin özündə də dövlət dəstəyinin 1960-cı ildən tətbiq edildiyi Finlandiyada qəzetlərin yarıdan çoxu bunsuz fəaliyyət göstərmək iqtidarında deyil və məsələyə tam normal yanaşılır. Hazırda bir çox Avropa ölkələrində dövlət gündəlik qəzetləri bu və ya digər dərəcədə maliyyələşdirir ki, obyektiv amillərin təsiri ilə cəmiyyətdə nəşrlər barəsində sıradan çıxmaqda olan yüksək ictimai rəy saxlanılsın. Birbaşa dövlət dəstəyinin hesabına İsveçdə iki böyük siyasi qəzet – 1887-ci ildən çıxan sosial-demokrat yönümlü «Arbatet» («Əmək») və 1884-cü ildən nəşr olunan mühafizəkar ruhlu «Svenska Dagbladet» («İsveç gündəlik qəzeti») saxlanılır. Avropanın bir çox yerlərində hətta siyasi və ictimai baxışları yayan mətbu KİV-lərin maliyyə sıxıntılarını aradan qaldırmaq, onlara maddi dəstək göstərmək üçün xüsusi məqsədyönlü proqramlar fəaliyyət göstərir.
Dünyada mediaya dəstək praktikasını labüd edən təcrübə ilə ölkəmizdəki oxşar zərurətin meydana gəlmə səbəblərini müqayisəyə gətirdikdə ortaya maraqlı nüanslar çıxır. Göründüyü kimi, Qərbdə, eləcə də ABŞ-da mətbu böhranı iqtisadi kataklizmalar şərtləndirib. Yəni, iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilən media bu mühitdə baş verən dəyişikliklərin, tendensiyaların, rəqabətin mənfi təsirinə məruz qalıb və sıradan çıxmağa başlayıb. Azərbaycanda isə mətbuatın zəif duruma düşməsi böyük mənada hansısa iqtisadi prosesin məntiqi davamı kimi dəyərləndirilə bilməz. Amma hər iki halda nəticə eynidir. KİV-lərin tirajı aşağıdır, oxucu auditoriyası seyrəkdir, maddi-texniki imkanları zəifdir, jurnalistlər sosial çətinliklər içərisindədirlər. Deməli, Azərbaycanda dövlət dəstəyinə ehtiyac KİV-lərin iqtisadi rəqabətdə belə desək, itib-batmasına yol verməmək üçün deyil, onları iqtisadi rəqabətə hazırlamaq, artan iqtisadi tərəqqiyə adekvat yanaşmalarını təmin etmək zərurətindən irəli gəlib. Konsepsiyada da deyildiyi kimi, Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırıb.
Sonda onu da deyim ki, Azərbaycan mediası uzun yolun başlanğıcındadır. Bu yol tam müstəqillik yoludur. Kimin necə düşünməsindən asılı olmayaraq yolumuzun məşəqqətlərinə qatlaşmağa məhkumuq. Ola bilər, indi etdiklərmizdə nələrsə çatışmır, nələrəsə yenidən nəzər salmalıyıq. Amma hədəfimiz dəyişməzdir və dəyişməzliyi müəyyənləşdirən Azərbaycan jurnalistikasının özüdür. Bu jurnalistikada isə «Yeni Müsavat» qəzeti də, «Yeni Azərbaycan» qəzeti də, «Səs» də, «Azadlıq» da peşə anlamında eyni funksiya yerinə yetirirlər. Vəziyyəti nəzərə alaraq onların daşıdıqları siyasi missiyalar da müəyyən mənada anlayışla qarşılanmaqdadır. Ölkənin jurnalist cameəsi bir-birini başa düşür. Axı, həmin cameənin hər bir üzvünün sosial, maddi-texniki durumu böyük hesabla eynidir. Eynilərin arzuladıqları həyat sözsüz ki, gələcək.