Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin ən yaralı yeri tərcüməçilər olub. Hətta onlar haqqında “Ah, yazıq tərcüməçilər” məqaləsi oxuculara da yaxşı tanışdır. Bir gün xarici ölkədə səfərdə olarkən romanlarının birinin tərcümə keyfiyyəti ilə maraqlanmaq istəyir. Roman yazıçının yaxşı bildiyi ingilis dilində tərcümə olunmuşdu. Qocaman yazara hörmət əlaməti olaraq əsəri onun üçün oxuyurlar. Ətrafındakılar 40-50 dəqiqə Markesin bu romana necə diqqətlə qulaq asdığını hiss edir. Aralarından bir nəfər ondan soruşur: “Cənab, elə diqqətlə qulaq asırsınız ki, sanki haqqında bilmədiyiniz bir şeydir. Axı bu sizin öz əsərinizdir?
Hazırcavab yazar isə hamının gülüşünə səbəb olan bir cavab verir: “Mane olmayın, qulaq asım görüm bu romanın qəhrəmanı axırda öləcək, ya sağ qalacaq?”
***
Bir gün Aleksandr Dümanın yanına bir yazıçı gəlib deyir:
– Əgər mənə 300 frank borc verməsəniz özümü və 3 uşağımı öldürəcəyəm.
Düma isə təəssüflə bildirir ki, cəmi 200 frank verə bilər.
– Yox, mənə ancaq 300 frank lazımdır.
Düma əlacsız qalıb deyir:
– Sizə bir məsləhət verə bilərəm. Götürün bu 200 frankı. Özünüzü öldürün, amma uşaqlara toxunmayın. 200 frank onlara bəs edər.
***
Lev Tolstoy ömrünün ahıl çağında hər şeydən uzaqlaşaraq tərki-dünya bir həyat yaşamağa başladı. Nə yazıçı dostları, nə dövlət xadimləri , nə də oxucuları ilə görüşürdü. Jurnalistlər isə onu ən çox təngə gətirən şəxslər idi. Yazarın onlara nifrəti demək olar ki, patoloji həddə çatmışdı.
Bir gün bir jurnalist çox xahiş-minnətlə müsahibəyə razılıq alır. Jurnalistin ilk sualı bu olur:
– Sizcə, dünyanın ən yazıq insanı kimdir?
Tolstoy qeyri-adi cavab verir:
– Lev Nikoloyeviç Tolstoy.
Təəccüblənən jurnalist səbəbini soruşur. Tolstoy isə cavabında:
– Çünki hazırda dünyanın ən bədbəxt, yaramaz və sırtıq insanı ilə danışıram, – deyir.
***
Alman yazıçısı, məcmuə redaktoru Teodor Fontane bir gün bir şeir alır. Şeirlə bərabər göndərilən məktubda müəllif izahat verərək yazırdı:
– Mən özüm bilə-bilə vergülləri qoymamışam, onları qoymağı lazım bilmədim. Xahiş edirəm lazım bilsəniz, yeri gəldikcə vergülləri siz özünüz qoyun.
Fontane isə cavabında şeir müəllifinə belə yazmışdı:
– Sizdən rica edirəm, gələn dəfə ancaq vergülləri göndərərsiniz, şeiri isə mən özüm yazaram.
***
Avstriyalı yazıçı Peter Altenberq bir gün səhhətinin ağır olduğunu görüb həkimə müraciət edir. Yazıçının həyat tərzi ilə tanış olan həkim ona spirtli içki içməməyi məsləhət görür. Altenberq heç bir söz demədən palto və şlyapasını götürüb getmək istəyərkən həkim deyir :
– Bağışlayın bəs məsləhət üçün pul vermirsiniz ?
– Niyə görə pul verməliyəm ki ? – deyə Altenberq təəccüblənir, – axı mən sizin məsləhətlərinizi qəbul etməmişəm