Berlin Ədəbiyyat Evində görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş anım gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbir Almaniyadakı Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi tərəfindən, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyi və “Avrokafqaz” elmi-mədəni institutunun dəstəyi ilə təşkil olunub. Tədbirdə qeyd edilib ki, Mirzə Ələkbər Sabir alman oxucularına ilk dəfədir təqdim olunur. Azərbaycanın görkəmli şairinə həsr olunmuş tədbir Almaniyada bir dəfə – 15 il bundan əvvəl keçirilib.
Tədbirdə Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin direktoru Samirə Patser-İsmayılova, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev, Humboldt Universitetinin kafedra müdiri, professor Eva-Mariya Aux və digərləri çıxış ediblər.
Tədbirin sonunda yerli diasporun nümayəndəsi Məmmədəli Hüseynli Mirzə Ələkbər Sabirin bir necə poemasını oxuyub.