Dövlət televiziyasında istefa dalğası davam edir
Tanınmış telejurnalist Qalib Şükürov AzTV-dən istefa verib. “Qafqazinfo” xəbər verir ki, Qalib Şükürov Dövlət televiziyasında “Xəbərlər” departamentinin baş redaktor vəzifəsində çalışırdı. Jurnalist təxminən iki həftə əvvəl istefa ərizəsi yazsa da, dünən ərizəsi qəbul olunub.
“Qafqazinfo” Qalib Şükürov un özü ilə də əlaqə saxlayıb. Telejurnalist faktı təsdiqləsə də, bu barədə geniş danışmaq istəmədiyini bildirib: “AzTV-dən ayrılmağıma gəlincə isə, özümü başqa layihələrdə sınamaq istəyirəm. Getmək istədim və getdim”.
Qeyd edək ki, Qalib Şükürov 5 ilə yaxındır ki, AzTV-də işləyir. O, bir sıra telekanalların “Xəbərlər” proqramında fəaliyyət göstərən peşəkar jurnalist kimi tanınır.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən kanalda ciddi istefalar baş vermişdi. Belə ki, İnformasiya Proqramları Studiyası direktorunun müavini Vəli Əkbər və “Səhər” musiqi informasiya proqramının baş redaktoru Məqsəd Nur da daxil olmaqla bir neçə nəfər istefa verib.