Nəzirməmməd Zöhrablı: “Dilimizin müasir terminlər hesabına zənginləşməyinin əleyhinə deyiləm. Ancaq dilimizi itirmək hesabına yox”
Müsahibimiz Söz Azadlığını Müdafiə Fondunun layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablıdır.
– Bu il may ayının 23-də dövlət başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Sizcə, bu sərəncam hansı zərurətdən doğub?
– Qeyd etdiyiniz sərəncamı vaxtında atılmış, hələ bəlkə bir qədər də gecikmiş addım hesab eləyirəm. Bütün hallarda bu mütərəqqi bir hadisədir. Bir qədər gecikmiş deməyimsə sadəcə cavab xatirinə işlənən ifadə deyil. Təmsil etdiyim Söz Azadlığını Müdafiə Fondunun (SAMF) layihələri əsasında paytaxtda tanış olduğumuz “mənzərə” bunu deməyə əsas verir. Təkcə bir faktı xatırlamaq yerinə düşər ki, bizim son monitorinqimiz zamanı Bakının küçələrində doğma Azərbaycan və təbii ki həm də dövlət dilimizdə yazılan ifadələr, adlar əcnəbi dillərdə yazılanlarla müqayisədə cəmisi 6 faiz təşkil etmişdi. Bu faktları gündəlik müşahidə edəndə bəlkə də onlar bizə bir qədər adi təsir bağışlayır. Amma ortaya rəqəm çıxanda bunun dəhşətli bir fakt olduğunu yəqinləşdirməli olursan. Təbii ki, indimizdə və gələcəyimizdə buraxacağı “izləri” götür-qoy edəndə.
İndi dilimizin qorunmasının Dövlət Proqramına salınması zərurətini soruşursuz. Təbii ki bu yaxşı qərardır. Lakin bir məqamı da xatırlatmaq burada yerinə düşər. Biz layihələrimiz çərçivəsində dilimizin qorunması ilə bağlı ölkəmizdə qəbul edilmiş bütün normativ aktların, qanun və qərarların qaydasında, dünya ölkələrinin praktikasına müvafiq qəbul edildiyini də aşkarlamışıq. Lakin problemlər onların kağız üzərində qalması səbəbindən yaranır. Ona görə də yaxşı olar ki qeyd etdiyiniz Dövlət Proqramına “dilimizin qorunmasına dair qanun və qərarların da qorunması” bəndi əlavə edilsin və buna görə konkret inzibati qaydalar müəyyənləşdirilsin. Bu yəqin ki, dilimizin qorunması prosesinin stimullaşdırılmasına daha çox yardımçı ola bilər.
– Qloballaşma və texnologiyanın inkişafı ilə əlaqədar dilimizə yeni sözlər gəlir. Sizcə, bu sözlər əcnəbi dildə olduğu kimi işlədilməlidir, yoxsa milli sözlərlə mənalandırılmalıdır?
– Gəlin razılaşaq ki, qloballaşma ilə əlaqədar almanın da, ingilisin də, fransızın da, qırğızın da, gürcünün və başqalarının da dilinə yeni sözlər, yeni terminlər gəlir. Biz onlardakı analoji vəziyyətləri də araşdırdıq. Bəs onlar niyə öz doğma dillərini “qloballaşma dəyirmanında” üyüdüb yoxa çıxarmırlar?!
Mən dilimizin zənginləşməyinin, həm də müasir terminlər hesabına zənginləşməyinin əleyhinə deyiləm. Əksinə tərəfdarıyam. Ancaq dilimizi itirmək hesabına yox. Burasını dilçilər daha dəqiq izah edə bilərlər. Azərbaycan dili haqqında deyirlər ki, bu dil ahəng qanununa tabe olduğundan onsuzda öz tələbatına cavab verməyən sözləri gec-tez vurub sıradan çıxarır, özündən uzaqlaşdırır. Fikir verirsinizmi, əgər bu deyilənlər tam həqiqətdirsə, dilimiz özü bizdən daha vətənpərvərdi. Amma belə məqamlarda bəziləri bizi dünyaca məşhur brend adlarına etiraz etməkdə qınamağa cəhd göstərirlər. Layihə müddətində də belələri tapıldı. Biz isə media vasitəsilə ictimaiyyətə brendlərin tərcümə edilərək yazılmasını demədiyimizi isbatladıq. Sadəcə olaraq, onların da “Dövlət dili haqqında” qanunun 7.1-ci, “Reklam haqqında” qanunumuzun 6.8-ci maddələrinin tələblərinə uyğun yazılmasını istədiyini, başqa sözlə qanunlarımızın tətbiqinin vacibliyini anlatdıq.
Sualınıza cavab olaraq deyim ki, qardaş Türkiyədə olduğu kimi, mümkün olanlar doğma dilimizdə mənalandırılmalı, olmayanlarsa terminlər şəklində yazılmalıdır. Daha yaxşı olar ki, əvvəlki yazı nümunələrimizdə olduğu kimi, saxlanan terminlər də dırnaq arasında yazılmaqla fərqləndirilsin.
– KİV-də dövlət dilinin durumu necədir və hansı addmları zəruri sayırsınız bu sahədə?
– Bu haqda da həm “jurnalistikada peşəkarlıq”, həm də dillə ilgili layihələrimizdə kifayət qədər müzakirələr açmışıq. Media qurumlarında, xüsusilə elektron mediada dilimizlə bağlı problemlər çoxdur. İndi əlavə edirəm ki, xüsusilə şou proqramlarda. Elə bil ki, bu şou proqramlar hər tərəfdən dəyərlərimizə zərbə vurmaq yarışına çıxıblar: Həm milli-mənəvi dəyərlərimizə, həm də xalqın varlığının təcəssümü olan dilimizə. Çap və internet mediasındakı durum nisbətən yaxşıdır.
Addımlar təbii ki, yenə də qanunların kağız üzərindən işlək duruma gətirilməsi və hər birimizin peşəmizdən öncə vətəndaş mövqeyimizdən asılı olaraq qalacaq. Buna nail olmaqsa dövlət və vətəndaş cəmiyyətləri səviyyəsində təbliğatdan keçir. Həm də əsl təbliğatdan. Nəyinsə xatirinə aparılacaq təbliğatdan yox.
– Azərbaycan türkcəsinin qorunması təşəbbüsləri ilə yanaşı digər bir prosesin – ortaq türk dili yaradılması prosesinin mərkəzindəyik. Bu iki prosesi necə uzlaşdırmaq, bir arada tutmaq lazımdır?
– Buna dilçi mütəxəssislər cavab versələr yaxşıdır. Ancaq mənə elə gəlir ki, fərqli cəhətlər var və onlar mütləq qalacaq. Necə uzlaşdırmaq. Bununçün böyük müzakirələrə lüzum var. Hamını razı salacaq, hamını ehtiva eləyə biləcək ortaq məxrəcin tapılması yəqin ki, zaman istəyəcək.
– SAMF-nin bu yöndə həyata kecirdiyi layihələr barədə məlumat verin?
– SAMF-ın layihələrindən yeri gəldikcə məlumatları verdim. İndi Dövlət Proqramının tövsiyyələrini bildikdən sonar yenidən bu istiqamətdə işlərimizi davam etdirmək niyyətindəyik.
Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində dərc olunur