ANS telekanalı necə yarandı…

Bu gün Azərbaycanda ilk müstəqil telekanal olan ANS-in 21 yaşı tamam olub. Modern.az-ın məlumatına görə, ANS 1991-ci il noyabrın 26-da 3 nəfər gənc jurnalist – Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb. Onlar Bakı şəhərində dərc olunan “Azərbaycan” qəzetində işləyəndə tanış olmuşdular.
ANS-in ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edib.
ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan – Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür.

1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AzTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu İlham Əliyevin müdaxiləsindən sonra ANS-in yayımı bərpa edildi.

Vaxtilə yalnız “Xəbərçi” verilişilə evlərimizə qonaq gələn ANS Şirkətlər Qrupu artıq bu gün böyük bir media holdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı, Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.

ANS PRESS Nəşriyyat Evi “El”, “Karvan”, “Hesabat”, “Aysel”, “Elli boya”, “Bala dili”, “Elli” kimi jurnalları buraxır.

2007-ci ildə yaradılan “BakıFilm” Kinostudiyasında isə bu günə qədər xeyli film və serial ekranlaşdırıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO