Bakıda Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda konfrans keçiriləcək

Oktyabrın 31-də Azərbaycan İnternet Forumunun (AİF) təşkilatçılığı ilə Bakıda Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək.

AİF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, konfransın məqsədi noyabrın 6-9-da Bakıda keçiriləcək beynəlxalq İnternet İdarəçiliyi Forumu (IGF/Internet Governance Forum) ərəfəsində milli internet infrastrukturunun vəziyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Tədbirdə Azərbaycanda internetin inkişafı üçün zəruri olan məsələlərin müəyyən edilməsi və həlli yolları ətrafında müzakirələr nəzərdə tutulub. Konfrans internet idarəçiliyi, informasiya təhlükəsizliyi və yeni media mövzuları üzrə üç sessiyadan ibarət olacaq: «İnternetə əlçatarlıq, «online» şəffaflıq və informasiya təhlükəsizliyi Azərbaycan interneti üçün daha aktual olduğundan bu istiqamətdə ciddi müzakirələrin aparılması, həmçinin dövlət strukturları, özəl sektor və vətəndaş cəmiyyətini təmsil edən ekspertlərin və mütəxəssislərin müxtəlif sessiyalarda çıxışları nəzərdə tutulub».

Eyni zamanda, konfransda Azərbaycan internetinin gələcək inkişaf istiqamətləri üzrə dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələrin aparılması, onların aradan qaldırılması yollarının müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO