Bir neçə gündən sonra müqəddəs Qurban bayramını qarşılayacağıq. Bayram adətinə görə, imkanı olan şəxslər qurban kəsib yeddi qapıya paylayacaq. Bəs həmişə qələmləri ilə söz kəsən jurnalistlər bayramda İsmayıl qurbanı kəsəcəklərmi?
Modern.az redaksiyalar arasında sorğu keçirib.
On bir ildir ki, ənənələrinə sadiq qalan “Azərbaycan” qəzetinin kollektivi bu il də qurban kəsib bayram edəcək. Qəzetin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, Qurban bayramı bütün müsəlman aləmində qeyd olunan ən sevimli bayram olduğundan onlar bunu möhtəşəm şəkildə qeyd edir:
“Müstəqillikdən sonra bu bayram daha sərbəst və təntənəli keçirilir. Həmin bayramın şərəfinə iki gün evdə olacağıq. Qəzet də ənənəvi olaraq 11 ildir ki, bayramı qurban kəsərək qeyd edir. Bu il də ənənəmizə sadiq qalacayıq. Qurban kəsib əməkdaşlarımıza paylayacağıq. Hətta elə olur ki, evində rəhmətə getmiş şəxs olanları yaddan çıxartmırıq. Çalışırıq ki, bütün əməkdaşımızın evində bayram qazanı qaynasın“.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə deyir ki, bayramla bağlı xüsusi bir planı olmasa da, kollektivi yaddan çıxarmayacaq, onlarla bayramlaşacaq.
“Xalq Cəbhəsi” qəzeti bu dəfə də İsmayıl qurbanının ənənələrinə sadiq qalacaq. Qəzetin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, hər il olduğu kimi, bu il də qurban kəsilib redaksiyada paylanacaq:
“Redaksiyamız Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahı ilə bir yerdə yerləşdiyindən hər il siyasi partiya da, redaksiyamız da bayramı qurban kəsərək qeyd edir. Bu il də ənənəmizə sadiq qalacağıq”.
Modern.az saytının kollektivi də bu müqəddəs günü bayram ənənəsinə uyğun keçirəcək. Əməkdaşlara bayram sevinci yaşatmaq üçün qurban kəsiləcək. Baş redaktor Elşad Eyvazlı bayram günü qurban kəsərək Modern.az-çılarla bayramlaşacaq.
“Yeni Müsavat” qəzetinin baş redaktoru da 10-12 ilə yaxındır ki, bayram gününü işçilərilə bayramlaşaraq keçirir. Baş redaktoru Rauf Arifoğlu deyir ki, redaksiyada uzun illərdir ki, Qurban bayramı ənənələri hökm sürür.
“Odur ki, bu il də həm fərd, həm də kollektiv olaraq ənənəni pozmayacağıq. Kollektiv olaraq bayramı qurban kəsərək qeyd edəcəyik”.
Qurban bayramına sayılı günlər qalsa da “Kaspi” qəzetində hələ ki bayramı necə qeyd etmək barədə düşünməyiblər. Qəzetin baş redaktoru Natiq Məmmədli redaksiyada bayram ənənəsinin olmadığını dedi.
“Bayram günü qurban kəsib, ət paylamaq planımızda yoxdur”. Baş redaktor onu da bildirdi ki, bayramı hər kəs öz evində qeyd edəcək.
“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid də bayram günü qurban kəsməyəcəklərini dedi: “Bayram münasibətilə 4 gün evdə olacağıq. Bu özü də bayramdır. Amma qurban kəsmək fikrimiz yoxdur”.
“Turan” İnformasiya Agentliyinin də Qurban bayramı ənənələri yoxdur. Agentliyin baş direktoru Mehman Əliyev deyir ki, bayram ərəfəsində qurban kəsilməyəcək.
“Qurban kəsməsək də əməkdaşlarımızı təbrik edirik, bir yerdə əyləşib bayramlaşırıq”.