“Məmməd Araz bax belə idi… “

Bu münasibətlə “Məmməd Araz – müxtəlif peşə sahiblərinin gözündə” mövzusunda fərqli sahələrin adamları arasında maraqlı bir sorğu keçirdik. Düşüncələr müxtəlif oldu, amma sevgi eyniydi. Məmməd Araz sevgisi…

Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoy: “Məmməd Araz şair, yazıçı, ictimai xadim və ən nəhayət, böyük bir Azərbaycan filosofudur. Məmməd Araz yaddaşlarda həm də yaxşı insan və sınmaz, qorxmaz, mübariz bir insan kimi qaldı. Əgər Azərbaycan yazılı fəlsəfə tarixinin zirvələrini nəzərdə tutsaq, Dədə Qorqud, Nizami Gəncəvi, Nəsimi, Hüseyn Cavid kimi dahilərin yaratdığı Azərbaycan mənəvi fəlsəfəsi Məmməd Arazda tamamlanmış hesab olunur. Biz hələ on beş il əvvəl Almaniyada filosofların Məmməd Araz yaradıcılığına istinadən fəlsəfi əsərlər yaratmaqlarının şahidi oluruq. Çox təəssüf ki, sonradan bu əsərləri Azərbaycanda yaymağı bacarmadıq. Mən Məmməd Araz haqqında günlərlə danışmaq istərdim”.

Həbib bəy Məmməd Arazın Yazıçılar İttifaqından getməsi ilə bağlı belə bir haşiyə də çıxdı: “Azərbaycanın SSRİ adlanan imperiyanın tərkibində olan zamanında mərkəzdən Yazıçılar İttifaqına tapşırıq gəlir ki, “Xalq şairi” adı verilməsi üçün Moskvaya bir şairin təqdimatı verilsin. Həm də bu, “Sovet şairi” adı yox, “Azərbaycan Xalq şairi” adıydı. Yazıçılar İttifaqında qızğın “mübarizə” başladı. Ən layiqli namizəd Məmməd Araz olduğu üçün bu titulun arzusunda olanlar onun əleyhinə mətbuatda qara piara başlayırlar. Dahi Məmməd Araz isə böyüklüyündə qalır və dünyasından öz fəlsəfəsi ilə yanaşır bu məsələyə. Bu iyrənc rəqabətə girmir və hadisə ilə bağlı iki misra yazıb öz əvəzinə o misraları qoyur və Yazıçılar İttifaqından gedir:

“İki itə para sümük atdılar
Alabaşda Qarabaşda nə günah…”
Məmməd Araz bax belə idi…”

Qurban Məsimli: aktyor, rejissor: “O, danışan torpağımızdır! Nədənsə onun yazılarını “Koroğlu” üvertürasının və ya “Cəngi”nin notlarına bənzətmişəm. Kaş onun yazıları yağışa çevriləydi, biz çətirsiz olanda! Qısa danışmağı sevirəm. Çox yazsam, məqalə və ya elmi iş alınar. Amma Məmməd Arazın atdığı daş məndən ötmədi!”

Oqtay Hacımusalı (publisist): “Məmməd Araz Azərbaycan şeirinin zirvələrindən biridir. Bu gün əslində Azərbaycan seiri varsa, heç şübhəsiz ki, onlara, həmin o zirvələrə çox şey borcludur. Elə bir Azərbaycan ailəsi tapa bilməzsiniz ki, o ailədə heç olmasa bir nəfər belə olsun, Məmməd Arazdan bir misra belə bilməmiş olsun. Bu, əslində, bir şair üçün doğrudan da xoşbəxtlikdir. Bəlkə də bu, sırf Məmməd Arazdır deyə ona bu xoşbəxtçilik yaraşır.

Anar Xəlilov (Sağlam İnkişaf və maarifləndirmə İB sədri): “Məmməd Araz Azərbaycan xalqının böyük şairlərindən biridir. O, öz millətinə, vətəninə bağlı bir şair idi. Ürəyində bu vətəni necə sevirdisə, onu şeir dili ilə də o cür tərənnüm edirdi. Məmməd Arazın Azərbaycan yazılı ədəbiyyatında öz dəsti-xətti var. Bu şeirini çox sevirəm:

“Mən-mən” dedi bir ölkədə
nə qədər xan,
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər…”

Bəhlul Ayhan (gənc şair): “Məmməd Araz ədəbiyyatımızda öz sözünü demiş şairlərimizdəndir.

“Nə yatmısan, qoca vulkan, səninləyəm
Ayağa dur, Azərbaycan, səninləyəm!”

“Azərbaycan – mayası nur, qayəsi nur ki …
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər”.

Bu misralar insanın beyninə əbədi olaraq həkk olunmuş misralardır. Günümüzün ədəbiyyatının Məmməd Araza sözün əsl mənasında ehtiyacı var. Onun şeirlərini bir dəfə ürəkdən oxuyan, dinləyən insan əlinə silah alıb Vətəni uğrunda gözüyumulu ölümə gedir. Məmməd Araz kimi şairlər bu dünyaya çox nadir gəlir.

Elşən Əsədov: (iqtisadçı, dövlət qulluqçusu): “Məmməd Araz ən əvvəl Azərbaycanın çox az yetişdirdiyi istedadlardan biridir. Müqəddəs Sözün yorulmaz və inanaraq xidmətində duran və ona sevgisindən doymayan şairdir.

Məmməd Araz böyüklüyünü Sözün belə ifadə edə bilmədiyi BÖYÜK Vətəndaşdır!

Məmməd Araz Susmayan Milli Vicdanımızdır! Məmməd Araz doymadığımız və həsrətindən inildədiyimiz Böyük VƏTƏNDİR. Bir də bilirsiniz, Məmməd Araz haqqında danışmaq yox, hamılıqla susmaq lazımdır. Çünki Məmməd Araz hamımızın yerinə həm də ucadan danışa bilən bir şairdir!

Aydın Şükür (siyasətçi): “Məmməd Araz öz həyatını şam kimi yaşadı. Yanaraq işıq saldı, işıq salaraq yandı. Bu, ziyalı ömrü idi. O, hələ keçən əsrin 60-cı illərində, milli düşüncəmizi poeziyaya gətirdi. Həmişə düşünmüşəm ki, Məmməd Araz ruhunda siyasətçilərimiz olarsa, Vətənimiz xilas olmuş olar.”

Mehmet Mehdi Bayat (kərküklü yazar): “Məmməd Araz Azərbaycanın ünlü şairlərindən biridir. Biz uşaq ikən İraqda onun şeirlərini oxurduq. Məzarı nurla dolsun…”

Güntay Gəncalp (Finlandiyada yaşayan güneyli yazar): “Məmməd Araz modern ədəbiyyatımızın ən narahat şairlərindən biri olub. Onun narahatçılığını

“Necə düşünməyim axı kainat,
Düşünən bir insan yaradıb məni”

kimi misralarında açıqca görmək olar. Çünki düşünmək rahat ruhun işi deyil, narahat və daima təlatümdə olan ruhun məhsuludur. Sənət adamı, mənsubu olduğu xalqın bütün narahatçılığını öz ruhunda daşımaqla görəvlidir. Sənətin missiyası budur. Bunun ən yaxşı örnəyini Məmməd Araz yaradıcılığında və dünyagörüşündə görmək mümkündür. Məmməd Arazın əsərlərinin təsvir etdiyi insan surəti sevgi dünyasına dayanaraq tolerantlı bir görüntü sərgiləməkdədir. Çağdaş türkcəmiz Məmməd Araz yaradıcılığında özünün ən təsirli imkanlarını büruzə verib. Məmməd Araz lirikası özəlliklə oxucuda əxlaqi keyfiyyətlər yaratmaqdadır. Dilə mənsub olanlar və duyğularını düşüncələrini mətnləşdirən sənət adamları bütün tarixə mənsub olurlar. Çünki yüzillər sonrakı nəsillər bu mətnlər vasitəsi ilə bizim çağımızla zehni əlaqə quracaqlar. O zaman bizim çağımızın xüsusiyyatını tanımaq üçün Məmməd Araz əsərləri oxucularına ən doğru duyğusal düşüncələr verəcək.

Könül İbrahimova (müxbir): “Məmməd Arazın şeirləri vətənpərvərliyi qulağımıza pıçıldayır sanki. Bir vaxtlar vətənpərvərliyi ucadan bağıran şairin indi şeirləri ucadan bağırır. Azərbaycanımıza vətənimizə, milli dəyərlərimizə sahib çıxın deyir. Məncə, bu sözlər min sözə əvəzdir:

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!!!”

Günay Yelmarqızı (telejurnalist, aparıcı): “Mən Məmməd Arazın şeirləri ilə böyümüşəm. Onun şeirləri ilə vətənimi bir az daha çox sevmişəm, onun Azərbaycanla bağlı hər misrasi mənə vətənimi kəşf etməyə, qarış-qarış gəzməyə imkan yaradıb. Hər cümləsi ilə Azərbaycanı daha çox sevmişəm, azərbaycanlı olmağımla daha çox fəxr etmişəm. Onun şeirləri ilə sevginin nə olduğunu anlamışam. Dostluğun, insanlığın, vəfanın nə olduğunu öyrənmişəm. Məmməd Araz şeirlərində hər nə desəniz, var – sevgi, insanlıq, dostluq, lirika, insan hissləri…

“Azadinform”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO