Dünən Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəy Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Media və ana dilindən istifadə xüsusiyyətləri» adlı layihəsi çərçivəsində «Media və Azərbaycan ədəbi dilinin qorunması» mövzusunda «dəyirmi masa» keçirilib.Tədbiri giriş sözü ilə açmış MŞ sədri Əflatun Amaşov layihəni zəruriləşdirən məqamlardan danışıb. O xatırladıb ki, rəhbərlik etdiyi qurum ötən il də KİVDF-nin maliyyə dəstəyi ilə mediada ana dilimizin normalarına əməl edilməsi ilə bağlı layihə gerçəkləşdirmişdi. Həmin layihə KİV-də kifayət qədər işıqlandırılmış, eyni zamanda layihə çərçivəsində baş tutmuş tədbirlərdə müzakirə olunmuş nöqsanların aradan qaldırılması istiqamətində ayrı-ayrı mətbu vasitələrin özləri tərəfindən təşəbbüslər irəli sürülmüşdü. Şuranın sonrakı monitorinqlərinin nəticələri də onu deməyə əsas verib ki, mövcud sahədə bəzi müsbət meyllər yaranıb. Bununla belə mediamızın ana dilindən istifadəsində meydana çıxan problemlər hələ də aktuallağını qorumaqdadır və Azərbaycan Mətbuat Şurası bunu nəzərə alaraq bu il bir növ, ötən ilki layihənin davamı olaraq «Media və ana dilindən istifadə xüsusiyyətləri» adlı layihə həyata keçirməkdədir: «Bu ilin mayında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» Sərəncam imzalayıb. Layihə eyni zamanda həmin sənəddə ifadəsini tapan məsələlərin həllinə bir növ, dəstək göstərmək məramından irəli gəlir». Layihənin konkret məqsəd və vəzifələri haqqında söhbət açmış Ə.Amaşov bildirib ki, burada əsas xətt ölkənin media orqanlarının Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nə dərəcədə riayət etdiklərini müəyyənləşdirməkdən, konkret meylləri izləməkdən, qarşıya çıxan problemləri qruplaşdırmaqdan, bu kimi məsələlər barədə ictimaiyyətin məlumatlandırılmasından ibarətdir. Mövcud istiqamətdəki başlıca fəaliyyət isə aylıq monitorinqin keçirilməsi olub. Azərbaycan Mətbuat Şurasının müvafiq təlimatına əsasən ölkənin tanınan, ictimai fikrə təsir göstərən 30 qəzetində aparılmış monitorinqin birinci mərhələsi iyul, avqust və sentyabr aylarını əhatə edib.Leksik pozuntuların müəyyənləşdirilməsində alınma sözlərin, terminlərin, dialekt və şivə sözlərinin, neologizmlərin yaradılması və işlədilməsi ilə bağlı pozuntulara diqqət yetirilib. Morfoloji və sintaktik pozuntular qrammatik pozuntular kimi araşdırılıb. Həmçinin dili praktik bilməməkdən və bəhs olunan predmeti bilməməkdən irəli gələn pozuntular nəzərdən keçirilib.Ə.Amaşov bildirib ki, iyul, avqust və sentyabr aylarında monitorinqi aparılmış qəzetlərdə ümumilikdə 2993 pozuntu faktı qeydə alınıb. Bunlardan 437-i alınma sözlərin işlədilməsi ilə bağlı pozuntulardır. 208 pozuntu faktı terminlərin işlədilməsi ilə əlaqədardır. Dialekt və şivə sözlərinin düzgün işlədilməsinə dair 96 fakt qeydə alınıb. 278 halda KİV-lər neologizmlərin yaradılması və işlədilməsi ilə bağlı pozuntulara yol veriblər. Bu mənada morfoloji pozuntuların sayı 275, sintaktiklərin sayı isə 376 olub. Üslubi pozuntuların ümumi sayı 1323-dür ki, onlardan dili praktik bilməməkdən irəli gələnlər 686, dilin qaydalarını bilməməkdən irəli gələnlər 284, bəhs olunan predmeti bilməməkdən irəli gələnlər 353-dür.Layihə üzrə yaradılmış monitorinq qrupunun rəhbəri, «Xalq qəzeti»nin şöbə müdiri İlham Abbasov çıxışında monitorinqin nəticəsi olaraq meydana çıxmış konkret meyllər barəsində söz açıb. O, ümumi nəzərə çarpan cəhət kimi diqqəti rəsmi qəzetlərdə dil və üslub səhvlərinin nisbətən azlığına yönəldib. İ.Abbasov bunun səbəbi kimi təkcə peşəkarlıq amilini deyil, ümumən qəzetçilik texnologiyasına yanaşmanı vurğulayıb. Onun sözlərinə görə, aşkara çıxarılmış nöqsanların bir çoxu həmin texnologiyanın ümumiyyətlə işləməməsindən xəbər verir. Bu mənada korrektə, redaktə işinin lazımi səviyyədə qurulmamasını demək üçün əsaslar yaranır. Bəzən eyni qəzetdə həm dilin normaları baxımından yararlı, həm də yararsız material gedir. Belə faktları peşəkarlıqla da əlaqələndirən İ.Abbasov redaksiyalarda yazdığı yazının redaktə olunmadan birbaşa qəzet səhifəsinə çıxarılması mümkün olan çox az şəxslərin çalışdığına diqqət çəkib. İ.Abbasov çıxışında həmçinin monitorinq zamanı aşkarlanmış konkret faktlar üzərində dayanıb, onların təhlilini verib. O bildirib ki, MŞ-nin ötən il bu mövzuda gerçəkləşdirdiyi layihənin yekunlarına dair media ictimaiyyətinə yekun rəy təqdim olunub. Belə bir rəy hazırkı layihə ilə bağlı da hazırlanacaq. «Bizim nəzərə çatdırdıqlarımız tövsiyyə xarakterlidir. Amma dilimizin qorunması mütləq məsələdir. Ona görə də hesab edirəm ki, bu mövzuda diskussiyalar açılmalıdır. Ötən il «kulis.az» saytında çox gözəl müzakirələr getdi. Bu müzakirələr daim gündəmdə qaldıqca səhvlər də azalacaq. Bir məsələyə də diqqət yetirilməsini istərdim: monitorinq müəyyənləşdirib ki, problemlər heç də hansısa sözlərin düzgün yazılıb-yazılmaması ilə bağlı deyil. Daha çox qrammatik və üslubi pozuntular da önəm daşımaqdadır».Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ-nin Dil komissiyasının sədri, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da Azərbaycan ədəbi dilinin qorunması məsələsinin daim gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb. Layihəni və «dəyirmi masa»nı bu baxımdan mühüm addım kimi dəyərləndirmiş B.Sadıqov ana dilinə sevgini aşılamağın zəruriliyinə toxunub: «Dildən istifadədə daha bərbad vəziyyət telekanallardadır. Onlar dilimizin korlanmasında «mühüm» rol oynayırlar. Nəzərə alaq ki, auditoriyaları daha genişdir. Hesab edirəm ki, ictimai müzakirələrin qayəsi dilimizi sevdirmək üzərində qurulmalıdır. Biz əksər hallarda sevdiyimiz şeylərə qısqanc yanaşan xalqıq. Dili də bu müstəviyə qaldırmaq vacibdir. Çünki dil Azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm amildir», – deyən baş redaktor ilkin mərhələdə «Azərbaycan» Nəşriyyatında vahid korrektura şəbəkəsinin yaradılmasının vacibliyini irəli sürüb və bildirib ki, hazırda qəzetçiliyin vacib elementi sayılan korrekturanın sıradan çıxması da ədəbi dilin pozulması ilə bağlı mənzərənin formalaşmasında mənfi rolunu oynamaqdadır.«Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay məruzədə dilimizin norma və prinsiplərinin pozulması ilə bağlı səslənmiş fikirlərə diqqət çəkərək mövcud vəziyyətdən çıxış yolunun müəyyənləşdirilməsi üçün effektiv təsir mexanizminin yaradılmasının vacibliyindən söhbət açıb.«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu dilimizdəki bir çox nöqsanların konkret sözlərə münasibət baxımından önə çıxdığını vurğulayaraq deyib ki, orfoqrafiya lüğətlərində bu mənada dəqiqləşdirilmələr aparılmalıdır.Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli məsələyə «dil demokratiyası» anlayışı baxımından yanaşmağın vacibliyinə toxunub. Onun fikrincə, dilin inkişafını da müəyyən mənada həmin demokratiyanın şərtləri baxımından qiymətləndirməliyik. Lakin ana dilimizin fundamental xüsusiyyətlərinin qorunmasına da həssas yanaşılmalıdır.«Ekspress» qəzetinin baş redaktoru Qəzənfər Bayramov çıxışında mətbu vasitələrdə nəzərə çarpan və gündəlik qarşılaşılan faktlardan misal çəkərək, konkret olaraq nəyin, necə yazılması istiqamətində maarifləndirici işlərin aparılmalı olduğunu deyib.«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu da eyni fikri davam etdirərək vurğulayıb ki, dildən düzgün istifadə ilə bağlı vəsaitlər hazırlanmalı və redaksiyalar həmin vəsaitlərlə təmin olunmalıdırlar.MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mətbuatın daha çox ana dilimizdə qarşılığı olan sözlərdən istifadəyə önəm verməsinin vacibliyindən söz açıb.«Dil məsələlərində kütlənin arxasınca gedilməməlidir» deyən «Assa irada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov ədəbi dilin qorunmasında bəzən diktələrin olmasını da zəruri sayıb.«Zaman Azərbaycan» qəzetinin baş redaktoru Süleyman Ünal ana dilindən istifadənin Türkiyə mətbuatı üçün də önəmli məqam olduğunu vurğulayıb. Onun sözlərinə görə, istər Azərbaycanla, istərsə də digər türk respublikaları ilə təmaslar Türkiyə türkcəsinə bəzi məsələlərdə işlənilməsi mümkün qarşılıqlı sözlər gətirib. O təklif edib ki, dildən istifadə ilə bağlı müsabiqə keçirilsin və bu yolla jurnalistlər arasında həm maarifləndirici işlər aparılsın, həm də bir növ, stimullaşdırıcı tədbirlər görülsün.«Olimpiya dünyası» qəzetinin baş redaktor müavini Aslan Şirəliyev idman mediasında da ədəbi dilin qorunması məsələlərinin əhəmiyyətindən danışıb və bildirib ki, Şuranın apardığı monitorinqlərə məhz bu sahə ilə bağlı nəşrlər də daxil edilməlidir.