Oktyabrın 6-da Atatürk Mərkəzində Türkiyədə nəşr olunan “Hasan Melikzade Zerdabi ve Ekinci Gazetesi” kitabının təqdimat mərasimi keçirilib (“Modern.az).
Təqdimat mərasimində Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı, kitabının tədqiqatçısı və tərcüməçisi Marmara Universitetinin professoru Okan Yeşilot, Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, Jalə Əliyeva, Musa Quliyev, Sevinc Hüseynova, media nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.
Öncə kitab barədə PJB sədri Elşad Eyvazlı məlumat verib:
“Görkəmli ziyalı Həsən bəy Zərdabi nəinki ölkəmizdə, eləcə də bütün türk dünyasında böyük iftixar hissi ilə yad edilir. Bu gün təqdimatı keçirilən kitabın müəllifi, Mərmərə Universitetinin müəllimi, doktor Okan Yeşilot Türkiyədə Zərdabi irsinin araşdırıcılarındandır. Okan Yeşilotun müəllifi olduğu bu kitab Türk dünyasının Zərdabiyə bir ehtiramıdır”.
Okan Yeşilot tədbirin təşkilatçısı PJB-nin sədri E.Eyvazlıya minnətdarlığını bildirib. “Zərdabi bütün türk dünyasının ortaq ziyalısıdır. Onun həyat və fəaliyyəti bir örnəkdir. Mən Zərdabi haqqında kitab yazmamışdan öncə onun haqqında bütün mənbələri araşdırdım. “Həsən Məlikzadə Zərdabinin həyat və fəaliyyətləri” adlı dissertasiya yazaraq doktor oldum. Bir ziyalı olaraq bununla qürur duyuram. Zərdabinin özü yaşamasa da, onun fikirləri yaşayır” deyə türkiyəli qonaq əlavə edib.
Deputat Məlahət İbrahimqızı tədbirə gələn hər kəsə öz təşəkkürünü bildirib. Milli Məclisin üzvü deyib ki, bu həmdə 18 oktyabr müstəqilliyimizin bərpası gününə, azad fikrin banisi H.B.Zərdabinin yaradıcılığına və fəaliyyətinə həsr olunmuş tədbirdir. “Dünyaya yaymalıyıq ki, hələ bir çox ölkələrdə azad fikir, mətbuat olmayanda, Azərbaycanda onun əsası qoyulmuşdu. Azərbaycanda belə bir şəxsiyyətlər olduğu tanıdılmalıdır”.
Deputat Jalə Əliyeva kitabın çox önəmli olduğunu deyib və buna görə əməyi olan hər bir kəsə təşəkkürünü bildirib. J.Əliyeva bütün dünyada maarifsevər insanlara, böyük qiymət verildiyini deyib və dünyanın H.Zərdabini yüksək tutmalı olduğunu qeyd edib.
Milli Məclisin üzvü Musa Quliyev bildirib ki, bu kitab Türk dünyasında milli şüurun formalaşmasında böyük pay sahibi olan insanın həyatına həsr olunub.
“Kitabın Türkiyədə çap olunması daha böyük uğurdur. Okan bəyin bu fəaliyyətini çox yüksək dəyərləndirirəm. Bu Zərdabinin başladığı yolun davamıdır. Siz türklərin bu cür aydınları haqqında fəaliyyətinizi davam etdirin. Bu kitab gələcəkdə Azərbaycan və Türkiyə universitetlərinin jurnalistika fakültəsində tədris oluna bilər. Bütün bu fəaliyyətlər biz türkləri birləşdirəcək”.
Digər qonaqlar da kitab haqqında öz fikirlərini bölüşüblər.