İngilis dilini öyrənmək istəyən jurnalistlər üçün növbəti kurslara qəbul başlanmışdır

“Azercell” Telekom MMC-nin “Kaspi” Təhsil Mərkəzi ilə birgə reallaşdırdığı “Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin növbəti mərhələsi başa çatmışdır.
AzərTAc xəbər verir ki, sentyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində kursu uğurla bitirən media nümayəndələrinə sertifikatlar təqdim olunmuşdur. Kurslarda yüksək nəticəyə nail olan 2 nəfər KİV nümayəndəsi İngiltərədə qısamüddətli kurslarda iştirak etmək hüququ qazanmışdır.
“Kaspi” Təhsil Şurasının sədri Sona Vəliyeva məlumat vermişdir ki, kurslar 6 ay davam etmişdir və bu müddətdə 25 jurnalistə bir neçə səviyyəli proqram təqdim olunmuşdur. Beləliklə, media təmsilçilərinə ingilis dilində qrammatika, danışıq, dinləmə, yazı qabiliyyətlərini gücləndirmək imkanı yaradılmışdır.
Sona Vəliyeva demişdir ki, artıq bir neçə ildir jurnalistlər üçün bu layihə reallaşdırılır və indiyədək 200-dən çox KİV təmsilçisini əhatə etmişdir.
“Azercell” Telekom MMC-nin prezidenti Kiril Qaburiç jurnalistlərin fəaliyyətini daim dəstəklədiklərini və onların inkişafı istiqamətində gələcəkdə də layihələrin reallaşacağını demişdir.
Tədbirdə ingilis dilini öyrənmək istəyən jurnalistlər üçün növbəti kursun vaxtı elan edilmişdir. Vurğulanmışdır ki, sentyabrın 19-dan 26-dək yeni qruplara qəbul prosesi olacaqdır. Kursda ən azı 1 il iş təcrübəsi olan media nümayəndələri iştirak edə bilərlər. Ətraflı məlumat və ərizə formasını əldə etmək üçün “Kaspi” Təhsil Mərkəzinə müraciət olunmalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO