“Real” Madrid klubunun baş məşqçisi Joze Mourinyonun vəkilləri İspaniyanın aparıcı idman qəzeti olan “Marca”nı məhkəməyə veriblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi ona dəyən mənəvi zərərə görə 15 min avro məbləğində təzminat tələb edir. Qeyd edək ki, qəzetin 17 sentyabr nömrəsində dərc olunan məqalədə Mourinyonu qəsdən qəza törətmiş və hadisə yerindən qaçmağa çalışan sürücüyə bənzətmişdilər. Məhkəməyə verilən ərizədə qeyd olunub ki, Mourinyo mətbuat azadlığını dəstəkləyir və tənqidlərə dözümlü yanaşır, lakin bu məqalədə hədlər aşılıb. Qeyd edək ki, setyabr ayında “Real” Madrid kollektivi yeni mövsümə uğursuzluqla başladıqdan sonra Mourinyo mətbuatın kəskin tənqidinə məruz qalmışdı.