AzTV ikinci dəfə beynəlxalq mükafat aldı

Sentyabrın 16-da Qazaxıstanın paytaxtı Astanada «TEFİ-Sodrujestvo» II Beynəlxalq Televiziya Festivalı başa çatıb.
Telefestivalın təşkilatçıları «Rusiya Televiziya Akademiyası» və MDB ölkələri iştirakçılarının hümanitar əməkdaşlığı üzrə Dövlətlərarası fondlarıdır. Bu il tədbir Rusiyanın Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin və Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyilə keçirilib.

Festivalın bağlanmasına həsr olunmuş təntənəli mərasimdə 20 proqramdan 10-u xüsusi mükafata layiq görülüb. Onların arasında «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin çəkdiyi «Əlvida və salam Bakı» sənədli filmi də var. Bu barədə Modern.az-a Azərbaycan Teleradio Verilişləri» QSC-nin mətbuat xidmətindən məlumat verilib. «Əlvida və salam Bakı» filmi Azərbaycanın görkəmli sənətkarı, musiqi tariximizdə misilsiz iz qoymuş SSRİ xalq artisti Müslim Maqomayevin həyat və yaradıcılığına həsr olunub. Əsərin ssenari müəllifi Fuad Vəlixanov, rejissorları Etibar Babayev və Rəsul Ələkbərovdur. «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-ni telefestivalda «Mədəniyyət» kanalının direktoru Cəmil Quliyev, AzTV-nin bədii rəhbəri Etibar Babayev və musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov təmsil ediblər.

Qeyd edək ki, telefestivalda iştirak etmək üçün «ART» fonduna «İnsanlar, illər, həyat» mövzusu üzrə 54 iş təqdim edilib. Seçim nəticəsində festivalın proqramına 10 ölkəyə (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan və sair) məxsus olan 16 teleşirkətin 20 işi daxil edilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO